“Azad torpaqlarda təhsil almaq şəhidlərimizi hər daim anmaqdır” - Qarabağın tələbələri DANIŞIR

“Azad torpaqlarda təhsil almaq şəhidlərimizi hər daim anmaqdır” - Qarabağın tələbələri DANIŞIR Bu gün xalqımız 27 Sentyabr - Anım Gününün beşinci ilini ehtiramla yad edir. Beş il əvvəl məhz bu gün igid övladlarımız torpaq uğrunda canından keçərək, Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə yazdılar.

Bu gün biz onları yalnız kədər və həsrətlə deyil, həm də sonsuz minnətdarlıqla xatırlayırıq. Çünki onların fədakarlığı sayəsində Vətən torpaqları azad oldu, üçrəngli bayrağımız yenidən Qarabağda dalğalandı.

Anım Günü şəhidlərimizin müqəddəs ruhuna ehtiramın simvoludur. Bu gün hər kəs - yaşından, peşəsindən, sosial mövqeyindən asılı olmayaraq eyni duyğunu yaşayır.

Günün timsalında azad edilmiş torpaqlarda təhsil alan Qarabağ Universitetinin tələbələrinin qürur və həyəcan dolu hisslərini dinlədik.

Beynəlxalq Münasibətlər fakültəsinin I kurs tələbəsi Aydan Abdullazadə söyləyib ki, Qarabağda təhsil almaqdan qürur duyur:

"Torpaqlarımızın düşməndən təmizlənməsindən artıq 5 il ötür və mən də bu gün həmin torpaqlarda, məhz Qarabağda təhsil alıram. Bu, böyük qürur hissi bəxş edir. Əvvəla, 30 il əvvəl işğal olunmuş və hələ də öz tarixini qoruyub saxlayan bir məkanda təhsil almaq hər bir tələbə üçün böyük şərəfdir. Mənim atam, anam və digər qohumlarım da Qarabağlıdır. Əcdadlarım burada doğulub, böyüyüb, yaşayıblar. Ona görə də bu torpaqlarla tarixən bağlılığım var. Qarabağ Universitetini seçməyimdə əsas səbəblərdən biri də budur. Bu gün burada oxuduğuma görə çox xoşbəxtəm".

Hüquqşünaslıq ixtisası ll kurs tələbəsi Əli Rüstəmzadə hisslərini belə ifadə edib:

"Artıq bu torpaqlarda yeni nəfəs hiss edilir, bunun ən bariz nümunəsi isə Qarabağ Universitetin təsis edilməsidir. Ölkənin digər bölgələrindən fərqli olaraq Xankəndi şəhərində Anım Gününün özünəməxsus bir abu-havası var,
Qarabağ Universitetin tələbələri olaraq üzərimizə düşən bu böyük məsuliyyətin-regionun dirçəldilməsində rolumuzun fərqindəyik.

Bu torpaqlarda təhsil alıb Qarabağımızı dirçəltmək üçün canlarından keçən bütün şəhidlərə Alllahdan rəhmət, qazilərimizə isə can sağlığı arzu edirəm".

Humanitar və sosial elmlər fakültəsi Tarix ixtisası II kurs tələbəsi Lalə Məmmədova bildirib ki, azad olmuş torpaqlarda təhsil almaq onun üçün mənəvi borcdur:

"Bu, sadəcə bir universitet seçimi deyil, mənəvi bir borcdur. Burada təhsil almaq şəhidlərimizin ruhunu hər daim anmaqdır. Qarabağ Universitetinin təsis olunacağını əlbəttə, bilmirdim. Amma bunu eşidən andan sadəcə bir düşüncəm var idi: mən gedib Qarabağda oxumalıyam.

Ailəmin mənə aşıladığı Vətən sevgisi bu seçimimə ən böyük səbəb oldu".

Turizm fakültəsinin II kurs tələbəsi Məhərrəm Qarayev də təəssüratlarını bölüşüb:

"Xankəndidə bayrağımızın dalğalanması bizə ən böyük motivasiyadır. Təbii ki, burada təhsil almaq mənim üçün böyük şərəfdir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm".

Tehsil-press.az

Oxşar xəbərlər