BSU-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

BSU-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bakı Slavyan Universitetində (BSU) Anım Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ETLL-in laboratoriya müdiri dosent Sadir Məmmədov Vətən müharibəsi zamanı Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və vətən sevgisinə şahidlik etdiyini deyib. O, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildiyini vurğulayıb.
Universitetin rektoru Anar Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində nail olduğumuz Zəfərdən sonra yaşadığımız şərəfli tarixdən söz açıb. Vurğulanıb ki, Prezident İlham Əliyev istər hərb meydanında, istər diplomatik sahədə, istərsə də informasiya savaşında ən yüksək liderlik nümunəsi nümayiş etdirib.
Azərbaycan dövləti və xalqının Vətən müharibəsi ilə öz tarixinin ən şərəfli səhifələrini yazdığını deyən rektor Anar Nağıyev Vətən müharibəsində xüsusilə gənc nəslin göstərdiyi şücaətlərə diqqət çəkərək, bu gənclərin içərisində BSU məzunlarının da olduğunu qeyd edib. Vətən müharibəsinin şəhidləri olan BSU məzunları Kənan Rüstəmli, Elnur Allahverdizadə və Nicat Şükürlünün timsalında bütün şəhidlərin Azərbaycan gəncliyi üçün həm qürur yeri, həm də nümunə olduğunu diqqətə çatdırıb.
Rektor müharibədən sonrakı dövrdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, bu gün dirçələn, yeni inkişaf layihələrinin tətbiq edildiyi Qarabağın bərpası üçün yüksəkixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli müvafiq Sərəncamına diqqət çəkərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə 27 Sentyabr – Anım Gününün hər birimiz üçün böyük mənəvi anlam daşıdığını qeyd edib.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri dosent Əsgər Əhməd “İkinci Qarabağ savaşında Qələbənin təmin olunmasının başlıca səbəbləri”, Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Habil Məmmədov “Vətən müharibəsinin geosiyasi nəticələri” mövzularında çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Qələbəni təmin edən əsas faktorlardan söz açılıb, müharibədən sonrakı dövrdə beynəlxalq arenada yaranan geosiyasi reallıqların əhəmiyyətinə toxunulub.
Vətən müharibəsi veteranı, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş BSU-nun Tərcümə fakültəsinin tələbəsi İbrahim Abdullayev döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəsi Fatimə Həsənova çıxış edərək Vətən müharibəsinin başlanması, Zəfər tariximiz barədə məlumat verib.
Tədbir Humanitar və sosial elmlər fakültəsinin II kurs tələbəsi Nahid Arifoğlunun təqdimatında Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər