Azərbaycan Dillər Universiteti iki şəhidin diplomunu onların valideynlərinə təqdim edib

Azərbaycan Dillər Universiteti iki şəhidin diplomunu onların valideynlərinə təqdim edib Azərbaycan Dillər Universitetində 27 Sentyabr - Anım Günü qeyd edilib.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhid olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru akademik Kamal Abdulla 27 Sentyabr - Anım Gününün mahiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı tarixi Qələbədən danışıb: “Biz bu gün şəhidlərimizin əziz xatirəsinin işığına yığışmışıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, şəhidlərin qanı yerdə qalmayıb, biz onların qisasını döyüş meydanında düşməndən almışıq. Tarixi Qələbəyə görə şəhidlərimizə, qazilərimizə, Prezident, Ali Baş Komandan İlham Əliyevə borcluyuq”.
Rektor universitetin şəhid məzunlarının qəhrəmanlığından qürurla söz açıb. O, universitetin iki məzun şəhidi - Əzim Həsənov və Elvin Bayramovun diplomlarını valideynlərinə təqdim edərək deyib: “44 günlük Vətən müharibəsində tarix yazan gənclər arasında bizim universitetin üç tələbəsi var. Onlar bizim fəxrimizdir. Onların ailə üzvlərinə, doğmalarına başsağlığı verir, Allahdan səbir diləyirəm”.
Şəhid Əzim Həsənovun atası Fikrət Həsənov və Elvin Bayramovun atası İslam Bayramov universitet rəhbərliyinə şəhid məzunların xatirəsini daim əziz tutduğu və övladlarının adını daşıyan auditoriyalarda onların xatirəsini əbədiləşdirdiyi üçün minnətdarlıqlarını bildiriblər.
Mərasimdə ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasovanın “Amalı Vətən - ünvanı əbədiyyət”, Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Nəzrin Hüseynzadənin “44 günlük Vətən müharibəsi” adlı çıxışları dinlənilib.
Tədbir “Vətəndən pay olmaz!” adlı ədəbi-bədii kompozisiya ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər