BDU-da dəyirmi masa: Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı

BDU-da dəyirmi masa: Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı Aprel döyüşlərinin beşinci ildönümü ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) “Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbirdə universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev tarixə “dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşlərinin gənclərin hərbi vətənpərvərlik ruhunu, xalqımızın böyük qələbəyə inamını daha da artırdığını vurğulayıb. Qeyd edib ki, uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.
Sonra Milli Məclisin deputatları Arzu Nağıyev, Cavid Osmanov, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan, Tarix fakültəsinin müəllimi Hüseyn Hüseynli çıxış ediblər. Çıxışlarda Aprel döyüşlərində ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, bu tarixi hadisənin əhəmiyyətindən, qəhrəmanlıq nümunələrindən, Azərbaycan dövlətinin qüdrətinin, ordumuzun gücünün və xalqımızın monolit birliyinin nümayişinə çevrilməsindən ətraflı bəhs olunub.
Aprel döyüşlərinin iştirakçıları - BDU-nun Tarix fakültəsinin IV kurs tələbəsi Səxavət Ağayev, Coğrafiya fakültəsinin III kurs tələbəsi Ramil Əmiraslanov, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Heydər Pərvazlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyərək xatirələrini bölüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər