Məlumatda deyilir ki, strateji layihələrə özəl sektorun cəlb olunması məsələləri müzakirə edilir.
Hələlik hansı şirkətlərin və layihələrin özəl şirkətlərə veriləcəyi məlum deyil.
Qeyd edək ki, AZCON Holdinqə daxil olan dövlət müəssisələri aşağıdakılardır:
Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
Bakı Metropoliteni, BakuBus, Bakı Gəmiqayırma Zavodu
Azərkosmos, Aztelekom, AzInTelecom, Azərpoçt, Bakı Taksi Xidməti, “Teleradio” İB.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, özəlləşdirmə xidmətlərdə keyfiyyətin artmasına və qiymətlərin bazar tərəfindən nizamlanmasına yol aça bilər:
“Biz bazar iqtisadiyyatında yaşayırıq. Bazar iqtisadiyyatı tələb və təklif üzərində qurulur və rəqabətli bazar mühiti sayəsində xidmətlər formalaşır. Bu həm də xidmətlərdə keyfiyyətin artmasına və qiymətlərin bazar tərəfindən nizamlanmasına yol açır. Bu baxımdan AZCON Holdinqə daxil olan şirkətlərin özəlləşdirilməsi və həmin şirkətlərin bazar qanunlarına uyğun sahibkarlar tərəfindən idarə olunmasını düzgün hesab edirəm”.
Deputat bildirib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi şəffaf şəkildə və bütün investorlar üçün açıq olmalıdır:
“AZCON-a daxil olan müəssisələrin özəlləşdiriləcəyi halda daxili və ya xarici investor olmasından asılı olmayaraq daha yaxşı maliyyə resurslarına malik və həmin sahə üzrə təcrübəsi olan şirkətlərin özəlləşmə prosesində iştirak etməsinə imkan yaradılmalıdır. Bunun da həmin müəssisələrin daha keyfiyyətlə idarə olunmasına imkan verəcəyini hesab edirəm”.
Tehsil-press.az