Paraşütçülər Bakı səmasında

Paraşütçülər Bakı səmasında "Red Bull Skydive" (paraşüt) komandasının iki ən istedadlı üzvü - Marko Valtenşpil və Corc Latner Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirərək insanların uçmaq arzusunun artıq gerçək olduğunu sübuta yetirdilər.

Güclü küləyin olmasına və hava şəraitinin tez-tez dəyişməsinə baxmayaraq, akrobatlar nəfəskəsici vinqsyut (parçadan tikilmiş qanad-kostyum) və beyscampinq (tərpənməz obyektlərdən tullanma) elementlərini uğurla həyata keçirdilər.
Şou zamanı Marko və Corc Azərbaycanın dövlət bayrağını, o cümlədən 2016-cı il Formula-1 Avropa Qran Prisinin bayrağını başgicəlləndirici yüksəkliyə qaldıraraq Bakı buxtasının üzərində dalğalandırdılar və şəhərin ecazkar görünüşünə xüsusi rəng qatdılar.
M.Valtenşpil və C.Latner avstriyalı paraşütçülərdir və hər ikisi əsasən vinqsyut uçuşu və beyscampinq üzrə ixtisaslaşıblar. Marko paraşütlə tullanma ilə 2011-ci ildən məşğul olur, lakin ilk tandem tullanışını 11 yaşında olarkən reallaşdırıb.
Havada qəhrəmancasına nümayiş etdirdiyi çıxışdan sonra müsahibə verən Marko qeyd edib: "Müəyyən yerlərdə hava kifayət qədər küləkli idi, lakin ümumi götürdükdə, Bakı səması paraşütçülük etmək üçün çox əlverişlidir. Azərbaycan bayrağını havada dalğalandırmaq mənim üçün qürurverici bir hiss idi. Eyni zamanda Bakı sakinlərinə belə həvəsləndirici anlar və yaddaşlarda qalacaq xatirə yaşada bildiyim üçün sevincliyəm".
Corc 12 yaşındaykən ilk dəfə Zalsburq şəhərində tandem tullanışını sınayıb. Elə həmin ildə də hava idmanı ilə peşəkar səviyyədə məşğul olmaq qərarına gələn idmançı bu arzusunu yetkinlik yaşında həyata keçirməyi bacarıb.
Paraşütlə tullanmanı həyata keçirdikdən sonra Corc öz hisslərini belə ifadə edib: "Yüksəklikdən tullanma növləri arasında mənim ən çox xoşladığım vinqsyut uçusudur və Bakı səmasında tullanmaqdan sözün əsl mənasında zövq aldım. Bugünkü küləklə bacarmaq sözsüz ki çətin idi, buna baxmayaraq mən xeyli əyləndim. Şəhərin üzərində süzərkən və küçələrində gəzişərkən Bakının Avropa Qran Prisini qarşılamağa hazır olduğuna şahidlik etdim".


Tehsil-press.az

Oxşar xəbərlər