Bir vaxtların tanınmış aktyoru indi ölü yuyur — Teatrdan morqa gedən TALE +ÖZƏL MÜSAHİBƏ

Bir vaxtların tanınmış aktyoru indi ölü yuyur  — Teatrdan  morqa  gedən TALE +ÖZƏL MÜSAHİBƏ “Səhnədə özümü sübut etməyə güc tapmadım”

Teatrda aktyor kimi çalışmış Elman Səlimov indi dini ayinlər icra edir.

Tehsil-press.az Oxu24.com-un özəl müsahibi bir vaxtların istedadlı aktyoru,indi isə məsciddə dini ayinlərin icrasını həyata keçirən aktyor Elman Səlimovdur.O,bu müsahibəsində olduqca maraqlı faktlara,teatrdan məscidə gələn yolundan və digər maraqlı faktlardan danışıb.

Elman Səlimovu illər öncə səhnədə, ekranda görənlər indi onunla rastlaşanda “Yəqin yeni obrazdadır, görək bu dəfə nə yaradır…”-deyə düşünə bilərlər. Amma o, indi həyatda öz rolunu oynayır, heç bir bədii obraza, qrimə, əlbəsəyə ehtiyac yoxdur. Həyat adlı bu əsərin müəlifi də Zaman özüdür…

Sözün qüdrətinə inanan Elman bəy üçün bu dəyişiklik bir son yox,uzun və çətin yolun davamıdır: "Bir vaxtlar sənət yolunda, indi isə Allah yolunda çalışıram" — deyir.

– Elman bəy, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

Şükür Allaha, yaxşıyam. Sağ olun, siz də yaxşı olasınız.

– Sizi mənə təqdim edəndə maraqlı bir məqam diqqətimi çəkdi: siz əvvəllər aktyor olmusunuz, indi isə Sumqayıtda dini ayinləri icra edirsiniz – mürdəşir və molla kimi fəaliyyət göstərirsiniz. Səhnədən mürdəşirxanaya keçid bir növ aktyorluqda “janr dəyişikliyi” adlana bilər. Bu dəyişiklik sizdə necə baş verdi?

Bizim dövrdə İncəsənət İnstitutunu bitib başqa sahədə çalışanı qınayırdılar, ona deyirdilər ki, nəyə görə vaxt itirdin, kiminsə yerini tutdun, indi isə tamam başqa sahəni seçmisən. Amma mən belə düşünmürəm. Mən bu gün dini ayinlərin icraçısıyam: ayın təxminən 10 günü meyit yumaqla məşğulam, ayın qalan günlərini isə hüzr məclisləri aparıram, mollalıq edirəm. Bu gün sözün yaxşı mənasında aktyorluğum mənə kömək edir. Çünki 200–500 nəfərin qarşısında çıxış etmək, söhbət aparmaq, insanlara söz demək bir bacarıqdır. Sadəcə fərq ondadır ki, indi mənim “rolum” hər hansı bir əsərin obrazı deyil — mən insan kimi, fərd kimi insanlara doğru yolu göstərməyə çalışıram.Siz məndən yaxşı bilirsiniz, Şekspirin “Hamlet” əsərində belə bir fikir var — dahi Şekspir Hamletin dili ilə deyir: “Bu dünya bir səhnədir, insanlar isə aktyor.” Ola bilsin ki, mən teatrda sözümü tam deyə bilmədim, amma bu gün həmin o “aktyorluğumu” insanları Allah yoluna dəvət etməkdə istifadə edirəm.

– Bayaq öz aramızda söhbət edəndə Məlik Dadaşovun, Yaşar Nurinin, Ağalar İdrisoğlunun adlarını çəkdiniz. Bu sənətkarların tələbəsi olmaq özü böyük xoşbəxtlikdir. Universitetdə kimlərlə birlikdə təhsil almısınız? Tələbə yoldaşlarınız kimlər idi?

Xalq artisti Məlik Dadaşovun kursunu bitirmişəm. Yaşar Nuri kimi böyük sənətkar mənə dərs deyib. Bu gün Xalq artisti kimi yaxşı tanınan Vidadi Həsənov da müəllimim olub. Əməkdar artisti Mehriban Xanlarova, Şirzad Hüseynov, əməkdar müəllim Kəmalə Mehdiyeva ikə tələbə yoldaşı olmuşam.

- Bir vaxtlar Sumqayıt Dövlət Dram Teatrının səhnəsində müxtəlif rollar oynamısınız. Aktyor kimi tamaşaçı alqışına öyrəşmişdiniz. İndi isə mürdəşir kimi sükuta öyrəşmək çətin deyil?

Əgər desəm ki, məni bu yola maddiyyat çəkdi, bu doğru olmaz. Məncə, Allah-Təala mənə bu yolu qismət etdi ki, bu yolla insanlara faydalı olum. Yadımdadır, səhnə danışığı müəllimimiz – Allah rəhmət eləsin – Ənvər Vəliyev bizə bir şeir öyrətmişdi:

“İnsanlara lazım olan insan tək qalmaz heç zaman,

İstəmirəm bu dünyada bircə gün də tək qalam.

Yaşamaq istəyirəm o qədər,

Nə qədər ki, insanlara lazımam”.

Ola bilsin ki, teatrda, sənətdə sözümü tam deyə bilmədim. Xalq artistləri Rza Əfqanlı, Məzahir Süleymanov Vaqif Əliyev, Valeh Kərimovla və Əjdər Həmidovla eyni səhnəni bölüşsəm də, mən onlar kimi “öz sözümü” deyə bilmədim. Və qərara gəldim ki, insanlara bu yolla – Allahın yolunda – kömək edim, bu yolla xalqıma faydalı olum.

– Hər gün meyit görmək sizə necə təsir edir? Yoxsa bu cür yaşam tərzi ilə həyatı daha çox sevməyə başlayırsınız?

Yalan deyə bilmərəm, buna tam təbii baxıram. Çünki insanın bu gün bir əzizini itirməsi ona ibrət dərsi verir. Mən tez-tez məclislərdə İmam Əlinin (ə.s.) bir xütbəsini xatırladıram:

““Ey ağlı başında olan insan, bax ibrət al.

Ey gözü görən insan, bax ibrət al.”

Bu dünya bir tarladır – onu bacardıqca ək, sonra isə biçəcəksən.”

– Bildiyim qədəri ilə bir zamanlar səhnədə tərəf-müqavil olduğunuz bəzi sənət dostlarınıın da meyidini yumusunuz. Maraqlıdır, insan öz dostunu yuyarkən daxilində hansı hisslər keçirir – bu kədərdir, yoxsa borc?

İnsanlıqdır. Bilirəm ki, ölüm haqqdır, Allahın yazısını pozmaq olmaz. Amma istər-istəməz itki, ayrılıq insanın göz yaşına səbəb olur.

Bəziləri deyir ki, ölü üçün ağlamaq olmaz. Amma Peyğəmbərimiz (s.ə.s.) də öz övladları üçün ağlayıb. Bu, Allaha asi olmaq deyil. Yaşından asılı olmayaraq, yaxınını itirən insanın göz yaşını saxlamaq çox çətindir.

– Ölümünə ən çox kədərləndiyiniz, itkisi sizi sarsıdan həmkarınız kim olub?

– Biz uşaqkən Xalq Teatrında çalışırdıq. Əli Abdullayev adlı dostum vardı, ağ qan xəstəliyindən dünyasını dəyişdi. Ən çox onun ölümünə kədərlənmişdim. Amma teatrda ən yaxın dostlarım Namis Şirməmmədov və Mövsüm Hüseynov idi. Onları yuyarkən balaca uşaq kimi ağladım. Baxmayaraq ki, məndən yaşca böyük idilər, amma hər zaman mənə dəyər verirdilər. İstər Mövsüm, istər Namis çox dəyərli aktyorlar idilər. Namisin bir məclisdə dediyi sözü heç vaxt unutmuram. Ayağa qalxıb demişdi: “Bir vaxt bizim üçün də belə oturacaqlar”. O sözü onu yuyarkən bir də özünə dedim...

– Müsahibənin əvvəlində sənət dostlarınızdan danışdınız və dediniz ki, mən onlar kimi olmadım. Heçmi dəstək görmədiniz, yoxsa özünüzü onlar qədər istedadlı saymırdınız?

Özümə o qədər güc tapa bilmədim. O yükü daşıya biləcəyimə inanmadım. Mənim üçün Allahın yolu daha doğru göründü – haqq yol budur. Allah rəhmət eləsin, Səməndər Rzayevə, yaxın dostluğumuz vardı. Həmişə mənə deyərdi: “Cəfər Cabbarlı az yaşadı, amma yaddaşlarda qalacaq qədər yaşadı”.

– Bəs yenidən teatra qayıtmaq fikriniz olubmu?

Arabir gəlirəm, baş çəkirəm. El arasında desək, “qurdumu öldürürəm.”

– Səhnədən əlavə filmlərdə də çəkilmisiniz…

Bəli, bir İran filmində çəkilmişəm. Rəhmətlik Rövşən Almuradlının “Yük” filmində və “Anamın kitabı” filmində rol almışam. Elə onuda deyim ki, “Anamın kitabı”ndakı Mirzə Baxşəli obrazım məni dinə yaxınlaşdırdı. Həmkarımızın qardaşı Elxan Əliyein yas mərasimində iştirak edirdim. Orada mollalardan biri dedi ki, mənə ordakı yeməkdən verməyin, mənim üçün ayrıca bişirin. Bu məni çox sarsıtdı. O zaman Sumqayıt Dövlət Teatrında çalışırdım. Fikirləşdim ki, ərəb dilini, Quranı öyrənim və insanlara “həqiqi molla”nın necə olmalı olduğunu göstərim. Allah rəhmət eləsin, qonşumuz Afiq dayı molla idi – onun yanında Quranı öyrənməyə başladım.

Klassiklərimizdən Nizaminin, Cəlil Məmmədquluzadənin əsərlərini diqqətlə oxuyun, onlar insanlara əvvəlcə Allahı tanıdır, sonra hökmdarları tənqid edirdilər. Mən də o yolla getmək istədim.

– Aktyor Elmanla molla Elman arasında fərq varmı?

Heç bir fərq yoxdur. Amma molla Elman mənə daha doğmadır. Bu gün teatra gələndə özümü çox yaxşı hiss edirəm. Mühafizədən tutmuş direktora qədər hər kəsin məni mehribanlıqla qarşılamağı dünyalara dəyər.

- Bəs maddi cəhətdən necə, bu yol sizə yetərlidirmi?

Şükür Allaha, kiminsə cibinə girmədən, halal yolla pul qazanıram. Heç vaxt düşünməmişəm ki, aktyor olsaydım, daha çox qazanardım. Allah-Təalanın verdiyi ruzi mənə dünyaları bəxş edir. Fərq etmir, hansı sahədə olursan – unutmamalısan ki, hamı səndən həmişə razı olmayacaq. Kim olursansa ol, Allahla ol. Allah sənin üçün həmişə ən yaxşısını edəcək. Fərqi yoxdur – istər mürdəşir, istər dini ayinlərin icraçısı, istər başqa sahədə çalışan ol – əsas odur ki, halal zəhmətlə yaşa.

– Ailə üzvlərinizdən kimsə aktyor olmaq istəsə, nə məsləhət görərsiniz?

Bu sual ənənəvi olsa da, cavabı çox sadədir. İndiki zamanda övladlar peşə seçimində valideynlə çox məsləhətləşmirlər. Amma mən bu gün də övladlarıma aşılayıram ki, necə cəmiyyətə xeyir verəcəklərini düşünsünlər – öz xeyirlərini yox.

-Bir söz işlətdiniz ki, indiki dövrdə övladlar razılaşmır. Nəsillər arasında düşüncə fərqi var sanki…

Çünki bu dövrün “ssenariləri” elə yazılıb ki, insanlar bir-birindən uzaq düşüb. Bu gün qapı qonşumu tanımıram. Amma vaxt var idi ki, 50-60 ailənin yaşadığı binalarda hamı bir-birinin xeyir-şərində iştirak edirdi. İndi isə o dünyada ssenarini yazanlar elə yazıb ki, zəiflər əzilir, insanlar bir-birindən soyuyur.

–Vətən müharibəsi dövründə siz də çox ağır, amma şərəfli bir işlə məşğul olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

Əziyyətimiz yox, borcumuzu yerinə yetirdik. Sumqayıta gətirilən şəhidlərimizi biz yuyub ailələrinə təhvil verirdik. Bacardığımız qədər bu müqəddəs işi vicdanla görürdük.

Hər zaman demişəm və yenə deyirəm: biz bu gün şəhidlərimizin hesabına rahat yaşayırıq. Ona görə də şəhid adına daim ehtiramla yanaşmalıyıq.

– Molla sözü həm də müəllim deməkdir. Bizim müsahibəmizi müxtəlif yaş qruplarından insanlar oxuyacaq. Oxucularımıza nə kimi məsləhət vermək istərdiniz?

Əslində ərəb dilində “molla” sözü yoxdur. Mən bu barədə ərəbşünas müəllimlə də danışmışam. “Mövla” sözündən yaranıb və zamanla İran, Azərbaycan dillərində “molla” formasını alıb. Mənası “hörmətli, bilikli insan” deməkdir. Yenə təkrar edirəm: kim olursansa ol, elə bir şey qazanmağa çalış ki, onu özünlə apara biləsən.

Bu gün başımıza gələn hadisələr bizə bir ibrət olmalıdır. Cəmiyyətdə bir nəfəri əlil, kasıb və ya xəstə görəndə anlamalıyıq ki, biz də belə ola bilərdik. Bir sözlə, həsəd aparmaq haramdır, amma qibtə etmək gözəldir. Alimin elminə qibtə etmək insanı elmə yönəldər, amma var-dövlətə həsəd aparmaq səni pis yola – oğurluğa, harama aparar.

Unutmayaq ki, bu dünyadan sadəcə beş metr ağ parça aparacağıq.

Çox qəribədir, məsələn, Fransa kimi ölkələrdə hər il moda dəyişir, amma kəfənin dəbi dəyişmir.

Tehsil-press.az

Oxşar xəbərlər