Bəs siz Bakıdakı bu mərkəzdə olmusuz? - Video

Bəs siz Bakıdakı bu mərkəzdə olmusuz? - Video Yeni açılmış Bakı Kitab Mərkəzi paytaxt sakinlərinin böyük marağına səbəb olub. Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu Mərkəz kitabsevərlər üçün gözəl interyer və tam komfortlu ortam təklif edir.
Mütaliə vərdişlərinin artırılmasını qarşısına əsas məqsəd qoyan mərkəz müasir dizaynı ilə çağdaş yaşamı özündə birləşdirə bilib. Belə ki, kitabsevərlər istədikləri kitabı götürüb bir küncdə vərəqləyə, oxuya bilərlər. Daha sonra həmin kitabı almaq, yoxsa rəfə qoymaq seçimi isə onların öz ixtiyarına verilib.
Müxtəlif dillərdə və janrlarda təqdim olunan 10 mindən çox adda kitab dil, mövzu və janrlara görə çeşidlənib. Oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.



Alıcılar kitabların qiymətindən və onlar üçün yaradılmış ortamdan xeyli razıdır. Uzun müddətdir ki, axtardığı kitabı tapma sevincini yaşayanlarla yanaşı, mərkəzin gözoxşayan interyerində şəkil çəkdirənlər də az deyildi.
Mərkəzdə mütaliə ilə yanaşı kofe ala biləcəyiniz kafe də fəaliyyət göstərir. Belə ki, kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola bilərsiz.
Bakı Kitab Mərkəzində müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsullarının satışı da təşkil olunub.
Mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər və uşaqlar üçün də guşələr yaradılıb.
Son olaraq qeyd edək ki, hər bir mərtəbədə fəaliyyət göstərən monitorlar axtardığınız kitabı tapmaqda sizə yardımçı olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər