Broyler yumurtasının hansı ziyanı var ki, kənd yumurtasına tələbat artıb? - AÇIQLAMA

Broyler yumurtasının hansı ziyanı var ki, kənd yumurtasına tələbat artıb? - AÇIQLAMA "Son dövrlərdə kənd yumurtalarına tələbin artmasının bir neçə psixoloji, sosial və qismən də texnoloji səbəbi var. Bu artım broyler yumurtalarının keyfiyyətsiz olması mənasına gəlmir, lakin istehlakçı davranışında ciddi dəyişikliklər müşahidə olunur".

Bu barədə danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, “təbii və kənd məhsulu” tələbi insanların böyük qisminin kənd yumurtasını hormonsuz, antibiotiksiz, GMO yemlə bəslənməyən, açıq şəraitdə gəzən toyuq yumurtası kimi qəbul edir.

"Bu düşüncə həmişə tələbi gücləndirir. Kənd yumurtalarının sarısının daha tünd olması istehlakçıda keyfiyyətli məhsul təəssüratı yaradır. Halbuki sarının rəngi əsasən yemin tərkibindən asılıdır.

Rəsmi və nəzarətli quşçuluq təsərrüfatlarında istehsal olunan broyler yumurtaları AQTA nəzarətindən keçir, sanitar-gigiyenik standartlara uyğun olur, qida dəyəri baxımından kənd yumurtasından ciddi fərqlənmir. Zülal, yağ, vitamin və mineral tərkibi baxımından fərq minimaldır. Əsas fərq saxlanma şəraiti, yem tərkibi, toyuğun hərəkət imkanları ilə bağlıdır, bu da qida təhlükəsizliyindən çox istehsal üsulu fərqidir", - deyə o bildirdi.

Ekspert qiymət fərqinin nə ilə bağlı olduğundan da danışdı:

"Kənd yumurtaları az miqdarda istehsal olunur, məhsuldarlıq aşağıdır, logistikası çətindir, mövsümi dəyişkəndir. Bu səbəbdən təklif az, tələb çox olduğu üçün qiymət yüksəkdir. Kənd yumurtalarına tələbin artması broyler yumurtalarının təhlükəli olması ilə yox, insanların “daha təbii qida” axtarışı, psixoloji rahatlıq və inam hissi, trend və imic faktoru ilə bağlıdır. Əgər istehlakçı üçün əsas meyar təhlükəsizlikdirsə, rəsmi nəzarətdən keçmiş broyler yumurtaları da tam qənaətbəxşdir. Əsas məsələ yumurtanın haradan alındığı və necə saxlandığıdır".

Tehsil-press.az

Oxşar xəbərlər