BDU-da “Primatların sosial strukturu: sosial beyin hipotezi” adlı elmi seminar

BDU-da “Primatların sosial strukturu: sosial beyin hipotezi” adlı elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi məqsədilə növbəti elmi seminar təşkil olunub. Seminar Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümbətovanın “Primatların sosial strukturu: sosial beyin hipotezi” mövzusunda məruzəsinə həsr edilib.

Məruzə zamanı primatların sosial davranışlarının təkamül baxımından əsas xüsusiyyətləri geniş şəkildə təhlil olunub. Qeyd edilib ki, primatların sosial sistemləri sadə, müvəqqəti assosiasiyalardan tutmuş mürəkkəb, sabit və çoxsəviyyəli cəmiyyətlərə qədər geniş diapazonda dəyişir. Müasir elmi araşdırmaların nəticələrinə əsaslanaraq vurğulanıb ki, primatlarda ilkin sosial həyat forması tək yaşayış deyil, məhz cüt halında yaşam olub. Bu fakt sosial qarşılıqlı əlaqələrin təkamül prosesində mühüm rol oynadığını bir daha təsdiqləyir.

Dosent Sevinc Hümbətova çıxışında sosial beyin hipotezinin mahiyyətinə toxunaraq beynin ölçüsü, idrak qabiliyyəti və sosial münasibətlərin mürəkkəbliyi arasında sıx əlaqənin mövcud olduğunu diqqətə çatdırıb. Bildirilib ki, sosial əlaqələrin artması beynin inkişafına təkan verən əsas amillərdən biri kimi çıxış edir və bu, xüsusilə primatlarda aydın şəkildə müşahidə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər