“Sosial media və nəşriyyatlar” - elmi seminar

“Sosial media və nəşriyyatlar” - elmi seminar Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Sosial media və nəşriyyatlar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Leyla Abasova mövzu ilə bağlı məruzə edib.
Məruzədə qlobal informasiya mühitinin öz şərtlərini diktə etdiyi şəraitdə nəşriyyatların sosial media ilə əlaqələri təhlil olunub. Nəşriyyatların imicinin müəyyənləşdirilməsində, çap məhsullarının təbliğində, oxucu-müəllif, oxucu-nəşriyyat münasibətlərinin formalaşmasında sosial media fenomeninin yeri və rolu izah edilib. Qeyd olunub ki, çağdaş dövrümüzdə sosial media sürətlə inkişaf edərək çoxsaylı sənaye sahələrinə, o cümlədən kitab sənayesinə əhəmiyyətli təsir imkanları əldə edib. Çap məhsullarının və müəlliflərin tanıdılması məqsədilə nəşriyyatlar davamlı olaraq bu platformadan istifadə edirlər. Bu üsul nəşriyyatlara bir çox ənənəvi marketinq vasitələrinin gətirə bilmədiyi uğuru qazandırır. Ona görə də müasir dövrdə uğurlu nəşriyyat dedikdə ənənəvi iş üsulları ilə yanaşı, sosial media ilə işini düzgün qura bilən nəşriyyat nəzərdə tutulur.
Məruzədə bu sahədə dünya praktikasından nümunələr göstərilib, sosial media platformalarının imkanlarından davamlı şəkildə bəhrələnmənin nəşriyyatların inkişafında rolu vurğulanıb. Bildirilib ki, bu kimi platformalara çıxış nəşriyyatların nüfuz dairəsini və oxucu auditoriyasını davamlı olaraq artırır. Məruzədə, həmçinin ölkə nəşriyyatlarının bu istiqamətdəki fəaliyyəti tədqiqata cəlb edilib, müxtəlif nəşriyyatların fəaliyyətini əks etdirən nümunələr nümayiş etdirilib, sahənin inkişafı ilə bağlı innovativ təkliflər irəli sürülüb.
Elmi seminar müzakirələrlə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər