Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.Bu barədə A.Balıyev özü məlumat verib.
O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:
“Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. 90-EB-444 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus “BMW” markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.
A. Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər: “Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.
Daxili İşlər Nazirliyinin (DİN) Məbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, baş verən insidentlə bağlı ərazi Polis Şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.
E.İbrahimov qeyd edib ki, aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma davam etdirilir.
Tehsil-press.az










