"İdrak"da işləmiş məşhur aparıcı: Şokdayam, silah məktəbə necə daxil olub?

Tanınmış jurnalist Jalə Həsənli “İdrak” liseyində baş vermiş güllələnmə hadidsəsinə müansibət bildirib.

2023-ci ildə liseyin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunan aparıcı hazırda orada işləmədiyini deyib.

“Uzun müddətdir (televiziyadakı fəaliyyətimlə bağlı) “İdrak” liseyindən ayrılmışam. Hadisə ilə bağlı məlumat almaq istəyinizi anlayır, narahatlığınızı başa düşürəm. Amma mən də hadisə haqqında sizin bildiyiniz qədərini bilirəm.

Bir onu deyə bilərəm ki, çalışdığım müddətdə təhlükəsizliyə kifayət qədər nəzarət olunduğunun, hətta tənəffüs zamanı, yemək guşəsində belə müəllimlərin şagirdlərə necə nəzarət etdiyinin şahidi olmuşam. Ona görə bu hadisə necə baş verib, o silah məktəbə necə daxil olub, şokdayam”,- deyə o söyləyib.

Aparıcı valideynlərə, müəllimlərə və hüquq-mühafizə orqanlarına da müraciət edib:

“İlk növbədə özümə və daha sonra digər valideynlərə səslənirəm. Övladlarımızın oynadığı oyunlara, münasibət saxladığı dostlara, müraciət formalarına, bir-biri ilə danışıq tərzinə nəzarət edək. Onlarla söhbət edək. Bəlkə elə məktəb yoldaşları, hətta müəllimləri tərəfindən bullinqə məruz qalırlar? Bu gün dinləmədiyimiz, vaxt ayıra bilmədiyimiz, söhbət etmədiyimiz övladlar sabahın cinayətkarına çevrilə bilər. “Mənim övladım etməz” deməyin. Heç kim sığortalanmayıb. İnternetə çıxış olan hər uşaq, hər yeniyetmə hər şeydən xəbərdardır və təəssüflər olsun ki, bu hər dəfə yaxşı nəticələnmir. Neqativ videolar, cinayət hadisələri uşaqlar üçün nümunəyə çevrilir. Mən artıq övladımı kimdən, nədən qoruyacağımı bilmirəm… Hətta 12 yaşlı uşaq 6-7 yaşlı uşağa (ötən gün gün baş verib) 19 bıçaq zərbəsi yetirə bilirsə, bu artıq təhlükənin yaşının nə qədər azaldığından xəbər verir. Nəzarətsiz buraxılan hər uşaq, hər yeniyetmə potensial qatilə çevrilə bilir

Müəllimlərə müraciət: Elə bir dövrə gəlib çatmışıq ki, uşaqlara təhsildən də daha çox onlarla doğru ünsiyyət qura bilmək daha vacibdir. Ünsiyyəti doğru qura bildinizsə, onsuz da sizin fənninizi də oxuyacaqlar, oxuya bilməyən isə sizə olan hörmətinə görə ən azı dərsinizdə sakit oturacaq.
Ona görə də hər şeydən vacibi uşaqlara sevgi verməkdir. Sevgi verdiyiniz şagirdiniz sizin qatilinizə çevrilməz, vallah çevrilməz, əksinə sizin qoruyucunuz olar. Problemli uşaqdır? Problemli ailədən gəlir? Vaxtında rəhbərliyə bildirin, ailəsi ilə mütəmmadi söhbət aparın. Xəbərdarlıq olunsun. Amma uşaqların içində pərt etməyin. Alçaltmayın. Bu həll yolu deyil, yanğına benzin tökməkdir.

DİN-ə müraciət: Məktəblərdə nəzarəti gücləndirin, xahiş edirəm. Müşahidə kameraları yetmir, onsuz da hadisə olandan sonra həmin kamera nə təsadüfdürsə, həmin gün “işləmir”. Siz nəzarət edin, profilaktik söhbət aparın. Məktəblərə tez-tez gedin. Sizi görsünlər, məsuliyyəti dərk etsinlər.
Nəsə edək…amma edək…Növbəti qurbanın və ya cinayəti törədənin bizim övladımız olmaması üçün edək”.

Qeyd edək ki, bu gün paytaxtın Binəqədri rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi atasına məxsus tüfənglə liseyin 29 yaşlı müəllimini boyun nahiyəsindən güllələyib. Şagird saxlanılıb, müəllim xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər