Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Öncə soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan elmi müəssisənin baş direktoru professor Misir Mərdanov Xocalı soyqırımının XX əsrdə insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən, ən qəddar terror aktlarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günədək məlum deyil.
Professor Misir Mərdanov qətliamın beynəlxalq miqyasda tanınması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi işlərdən, habelə “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının önəmindən danışıb.
Tədbirdə çıxış edən hərbi ekspert Ədalət Verdiyev erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində 2020-ci il Vətən müharibəsində erməni qəsbkarlarına ağır zərbə vuruldu, əzəli torpaqlarımız işğaldan azad edildi. 44 günlük müharibədə Xocalı soyqırımı qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Sonra institutun digər elmi əməkdaşları çıxış edərək Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflərini səsləndiriblər.

Tehsil-press.az





Oxşar xəbərlər