Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və ifa olunub.
Tədbiri Akademiyanın rəisi Qulu Novruzov açaraq bildirib ki, noyabr ayı Azərbaycan tarixi üçün əlamətdar hadisələrlə zəngindir. 9 noyabrın Bayraq günü, 17 noyabrın Milli Dirçəliş günü olduğunu xatırladan Akademiya rəisi noyabrın 12-də Konstitusiya gününün qeyd olunmasının tarixindən danışıb. Qulu Novruzov 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunu xatırladaraq, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiyanın yaradıldığını nəzərə çatdırıb. Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi-siyasi yola ekskurs edən Qulu Novruzov Ulu öndərin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişaf etdiyini, sabitliyin əldə olunduğunu bildirib. Bu istiqamətdə aparılan işlərdən söz açaraq, dövlətin institusional təsisatlarının yaradılması, o cümlədən Konstitusiyanın formalaşdırılmasında Heydər Əliyevin rolundan danışıb. Ulu öndərin siyasi iradəsi ilə ölkədə stabillik və sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. Akademiya rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb.
Qulu Novruzov 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini deyib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından birdir, burada bütün ali hüquqların qorunması öz əksini tapıb. Qulu Novruzov bu günün əhəmiyyətindən bəhs edərək, dövlət atributlarına hörmətin vacibliyini vurğulayıb. O, gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.
Tədbirdə Konstitusiya Gününə həsr edilmiş video süjet nümayiş olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sübhan Əliyev öz məruzəsində Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışaraq, bu günün əhəmiyyətindən söz açıb.
Tədbirdə Akademiyanın “Hüquqşünaslıq” ixtisasının 2-ci kurs tələbəsi Cəbrayıl Məmmədzadə “Konstitusiya Gününün qanunverici tarixi və onun əhəmiyyəti”, “Hüquqşünaslıq” ixtisasının 3-ci kurs tələbəsi Uğur Tərlanlı “Konstitusiyanın hüquq yaradıcılığında rolu və əhəmiyyəti” mövzusunda təqdimatlarla çıxış ediblər.
Sonda Akademiya tələbələrinin ifasında şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Mətbuat Xidməti


Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər