ADU-da Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçirildi

ADU-da Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçirildi Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən elmi-praktik konfrans keçirildi.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Açılış nitqi ilə çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev konfransın türkologiya elminin tarixində mühüm əhəmiyyət kəsb edən qurultayın 90 illik yubileyinə həsr olunduğunu bildirdi. O, Sovetlər dönəmində baş tutan qurultayın türk ədəbi dili, əlifba, termin məsələləri, eləcə də, tarix, ədəbiyyat istiqamətlərində çox önəmli bir başlanğıc kimi tarixin yaddaşında qaldığını ifadə etdi. Əfqan Abdullayev türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlinin qoyulması, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsiplərinin işlənib hazırlanması baxımından Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini vurğuladı, onun təqdirəlayiq hadisə olduğunu nəzərə çatdırdı. Əfqan Abdullayev konfrans məruzəçilərinin öz sahələrinin mütəxəssisləri olduğunu söyləyərək iştirakçıların onlardan maraqlı bilgiləri mənimsəyəcəklərinə əminliyini ifadə etdi. O, konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Azərbaycan Pedaqoji Universitetinin professorları Buludxan Xəlilov və Həcər Hüseynova çıxışlarında Türkoloji Qurultayın tarixi əhəmiyyəti, əlifba məsələsinə toxundular. Professorlar qurultayın çağırılmasını zəruri edən səbəblərdən, türk xalqlarının birliyi, onlar arasında dostluq və mədəni əlaqələrin güclənməsi baxımından əhəmiyyətli rol oynamasından, latın əlifbasının qəbul edilməsinin prioritet məsələlərdən biri olmasından bəhs etdilər.
Sonda ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev “Rəsmi dairələrin Birinci Türkoloji Qurultaya açıq və gizli münasibəti” mövzusunda çıxış etdi. O, qurultayın tarixi, əhəmiyyəti, məqsədi haqqında danışaraq, onun iştirakçıları haqqında ətraflı məlumat verdi. Adil Babayev qurultayın baş tutmasını əngəlləmək istəyən qara qüvvələr barədə real faktlara əsaslanan hadisələri iştirakçıların diqqətinə çatdırdı. Onun sözlərinə görə türk xalqlarının birləşməsini istəməyən Stalin yeni əlifbanın qəbul olunmasını da dəstəkləmirdi və kiril əlifbasına keçməklə Sovet hakimiyyətinin inqilabi doktrinasını genişləndirmək niyyətində idi. “Bütün bu əngəllərə baxmayaraq keçirilən qurultay türk xalqlarının birliyi fonunda gözəl bir hadisədir” deyən professor bu təşəbbüsü əsrlərə yaddaş, türkçülüyün zirvəsi adlandırdı.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər