BDU-da “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar

BDU-da “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının (ETL) təşəbbüsü ilə “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə mövzu ilə bağlı məruzə edən Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova türkologiyanın tarixindən söz açıb, Çex türkoloqlarının fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Çexiyada türk dillərinin öyrənilməsinə, türkologiyaya xüsusi maraq göstərilib, ötən yüzillikdə isə bu maraq daha da artıb. Bu elm sahəsinə diqqətin artması Çexiyada çoxsaylı araşdırmaların aparılmasına geniş meydan açıb. Son dövrlərdə həmin ölkədə türkoloji mərkəzlərin fəaliyyətinin genişlənməsi və türkologiyaya marağın çoxalması bu mövzunu aktuallaşdırır. Bu baxımdan seminarın məqsədi türk dillərinin öyrənilməsində mühüm xidmətləri olmuş Çex türkoloqları və Çexiyadakı əsas türkoloji mərkəzlər haqqında məlumat toplamaq, türkoloji dilçiliyin nəzəri məsələləri və müasir problemləri barədə onların tədqiqatlarını təhlil etməkdir.
Sonra dekan müavini Mehriban Əlizadə, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in müdiri Nəzakət Hüseynova, Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Ramil Bayramov və Pərvin Eyvazov mövzu ilə bağlı çıxışlar ediblər.
Çıxışlarda seminarın mövzusunun aktuallığından, Çex-Azərbaycan ədəbi əlaqələrindən danışılıb, türkologiyanın aktual problemlərinə diqqət ayırmağın vacibliyi vurğulanıb.

Tehsil-press.az


Oxşar xəbərlər