Bakı Dövlət Universitetində seminar: İranda türklər və türkologiya

Bakı Dövlət Universitetində seminar: İranda türklər və türkologiya Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasında “İranda türklər və türkologiya” mövzusunda elmi seminar keçirilib.
Professor və əməkdaşların, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası magistrantlarının, Tələbə Elmi Cəmiyyəti üzvlərinin iştirak etdikləri seminarda Türkoloji araşdırmalar ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov görkəmli alim Tofiq Hacıyevin türkologiyanın inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında, o cümlədən Cənubi Azərbaycanda və digər yerlərdə minilliklər boyunca müxtəlif türk xalqları yaşayıblar və yaşayırlar. Onlardan xalaclar, türkmənlər, qaşqaylar, Xorasan türkləri, sunqurlar, özbəklər, azərbaycanlılar, əfşarlar, eynalılar, əbiverdilər və s. kimi türk toplumlarını göstərmək olar. Diqqəti İranda yaşayan soydaşlarımıza yönəldən məruzəçi bildirib ki, onların arasında azərbaycanlılar çoxluq təşkil edir və hətta bəzi türkoloqlar yuxarıda adları qeyd olunan türk etnoslarının dillərini Azərbaycan dilinin dialektləri hesab edirlər.
1924-cü ildə hakimiyyətə gələn pəhləvilərin yürütdüyü siyasət türkləri təhdid altında saxlayıb. Panfarsistlər fəallaşaraq türk toplumlarına öz dillərini, ədəbiyyatlarını, mədəniyyət və adət-ənənələrini unutdurmaq kimi qəddar bir missiyanı həyata keçiriblər. Bütün fiziki-mənəvi işgəncələrə, siyasi təzyiqlərə baxmayaraq, İranda yaşayan türklər, o cümlədən Azərbaycan türkləri güclü iradə nümayiş etdirib, bu təhdidlər onları öz köklərindən tam ayıra bilməyib. Təbii ki, bunlar həm də xalqın içərisindən çıxan milli düşüncəli ziyalı və mütəfəkkirlərin sayəsində mümkün olub.
Məruzədə İranda aparılan türkoloji araşdırmalardan da söz açılıb. R.Bayramov qeyd edib ki, İranda mövcud olan türk dillərinin araşdırılmasına ilk dəfə sistemli olaraq Göttingendəki Türkologiya və Orta Asiya Bilik Seminarının üzvləri tərəfindən başlanılıb.
Məruzədə, həm də Cənubda fəaliyyət göstərən türkoloqlardan Cavad Heyət, Mirzə Həsən Rüşdiyyə, Məhəmmədəli Fərzanə, Məhəmməd Tağı Zehtabi və başqalarının yaradıcılığı haqqında məlumat verilib.
Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli türkoloq alimlərin İranda yaşayan türklərlə bağlı apardıqları araşdırmalara toxunub, bu sahədə akademik Tofiq Hacıyevin xidmətlərindən, onun Azərbaycan ədəbi dilinin cənub qolu haqqındakı araşdırmalarından bəhs edib.
Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in müdiri, dosent Nəzakət Hüseynova İranda milli mənəvi dəyərlərimizi təbliğ edən azərbaycanlı şair və yazıçıların ədəbi fəaliyyətindən söz açıb, ötən yüzillikdə Cənubi Azərbaycanda formalaşan milli düşüncəli yaradıcı ziyalıların ana dilimizin təbliği və öyrənilməsinə verdikləri töhfələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər