BDU-da tədbir: Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı

BDU-da tədbir: Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında (ETL) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı” mövzusunda elmi seminar keçirilib.
“Dədə Qorqud” və “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyaları (ETL), Alman və fransız dilləri kafedrası əməkdaşlarının, Tələbə Elmi Cəmiyyəti üzvlərinin iştirak etdikləri tədbirdə Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədli Ulu Öndər Heydər Əliyevin Azərbaycan elmi və təhsilinin tərəqqisi, xüsusilə filologiyanın inkişafı istiqamətində atdığı tarixi addımlardan, elm, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb. O, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının tarixi-mənəvi əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə təşkil edilən elmi tədbirlərin dahi şəxsiyyətin irsinin öyrənilməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
M.Məmmədli bildirib ki, Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin bütün sahələrində olduğu kimi, türkoloji düşüncənin inkişafı istiqamətində baş verən dirçəliş, türk xalqları ilə mənəvi-siyasi əlaqələrin qurulması böyük tarixi nailiyyətdir. Ümummilli Liderin siyasi-ideoloji fəaliyyətində türk dünyası məsələlərinin araşdırılması humanitar elmlərin aktual problemlərindən biridir.
Sonra “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri - filologiya üzrə fəlsəfə doktorları Ramil Bayramov “Türk xalqları arasında mənəvi və mədəni əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu”, filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova “Azərbaycanda türkoloji dilçiliyin tarixi”, Pərvin Eyvazov “Heydər Əliyev və müasir Azərbaycan türkologiyasında əsas hədəflər” mövzularında məruzələr ediblər.
Məruzələrdə XX əsrin əvvəllərindən başlayaraq ölkəmizin türkoloji düşüncənin əsas mərkəzlərindən birinə çevrilməsindən, Heydər Əliyevin hakimiyyəti illərində aparılan mühüm türkoloji tədqiqatlardan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmləndirilməsi yönündə atdığı tarixi addımların türkologiyanın inkişafına təsirindən bəhs olunub. Bildirilib ki, Azərbaycanda milli-ideoloji düşüncənin formalaşması, mənəvi dəyərlərimizin, tarixi köklərimizin tədqiqi və təbliği işinə hələ sovet dövrünün ən mürəkkəb illərində xüsusi diqqət ayıran Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi bütün sahələrdə olduğu kimi, filologiyanın, o cümlədən türkoloji düşüncənin inkişafına ciddi təsir göstərib. Bu mühüm addımlardan biri kimi BDU-da Türkologiya kafedrası yaradılıb və türk xalqlarının dillərinin, ədəbiyyatlarının öyrənilməsinə ciddi təkan verilib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Ulu Öndərin adı ilə bağlıdır.
Məruzələrdə, həmçinin türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli azərbaycanlı alimlərin fəaliyyətindən, onların elmi yaradıcılığının dünya türkologiyasına təsirindən söz açılıb.
Sonra məruzələr ətrafında çıxışlar olub, iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər