“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub” Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində Türk filologiyası kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Kəmalə Əhmədovanın “Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub” mövzusunda ustad dərsi keçirilib.

Mühazirəçi türk və Azərbaycan dillərində rəsmi üslubun struktur xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edib. Rəsmi üslubun fonetik, leksik, morfoloji və sintaktik səviyyələrdə özünü göstərən əlamətlərini iştirakçıların diqqətinə çatdırıb.

O, hər iki dildə əsmi üslubun əsas xüsusiyyətləri kimi dəqiqlik, obyektivlik, terminlərin geniş istifadəsi, standart ifadələrin tətbiqi və passiv fel konstruksiyalarının üstünlük təşkil etməsini qeyd edib. Ustad dərsində rəsmi ünsiyyətdə qeyri-verbal kommunikasiya vasitələrinin – jest, mimika, səs tonu və davranış etiketi kimi elementlərin rolu da təhlil olunub.

Müasir dövrdə dövlət liderlərinin rəsmi nitq üslubu da nəzərdən keçirilib və türk dilində rəsmi əməli yazı nümunələri (dilekçe, resmi yazı, tutanak və rapor) üzrə qısa izahlar verilib. Mühazirəçi türk və Azərbaycan dillərində rəsmi üslubun struktur və funksional baxımdan oxşar xüsusiyyətlərə malik olması və dövlət idarəçiliyi, hüquqi münasibətlər və rəsmi ünsiyyət sahəsində mühüm rol oynadığını vurğulayıb.

Ustad dərsi diskussiyalarla davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər