Uşaqlar niyə intihar edir?

Uşaqlar niyə intihar edir? Nadir Qocabəyli
Yenə 12 yaşlı bir uşaq intihar edib, özünü yaşadığı evin həyətindəki damda asıb. Səbəbi hələ ki, məlum deyil. Bu haqda xəbər verən “Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud yazdığı feysbuk statusunda son zamanlar ölkəmizdə yeniyetmə və gənclər arasında geniş yayılmış bu acınacaqlı hala üsyan edərək, hüquq-mühafizə orqanlarını, ailə və uşaq komitəsini və digər aidiyyatlı qurumları məsələyə ciddi diqqət yetirməyə səsləyib.
Doğrudan da, son dərəcə dəhşətli bir durumdur. Valideynləri və bütövlükdə cəmiyyəti üzən bu intiharların səbəblərinin çox zaman açılmamış qalması, heç də bu səbəblərin olmaması anlamına gəlmir. Hadisə varsa, mütləq motiv də var, səbəb də. Sadəcə, bu səbəb və səbəbləri araşdırıb tapmaq, vaxtında onların qarşısını almaq üçün cəmiyyətin və dövlətin tədbirlər görməsi lazımdır.
Təxminən beş-altı il əvvəl bir dostumun yeniyetmə oğlu da özünü asaraq öldürmüşdü. Mən bunun səbəbləriylə maraqlananda, nə dostum, nə də digər dost-tanışlar ciddi bir şey söyləyə bilmədilər. Dedilər ki, uşağı dükana nəsə almağa göndəriblər, alıb gətirdiyi şeyi atası bəyənməyib və onu danlayıb. Axşam yeməyindən sonra ailə maşınla harasa getməyə hazırlaşanda, uşaq evdə qalmaq istədiyini deyib və geri qayıdanda onun özünü tavandan asdığını görüblər.
“Bəs səbəb nədir?” sualına yasa batmış ata “vallah, bilmirəm” cavabını verir, “mən ona nə güldən ağır söz demişəm, nə xətrinə dəymişəm, nə də vurmuşam” və s.
Valideynlərin, qonum-qonşunun söylədikləri, əlbəttə, yalan deyil, hadisə elə belə də olub. Amma bu tam həqiqət də deyil, hadisəylə bağlı “xırda”, ilk baxışda əhəmiyyətsiz görünən, lakin məhz intihara aparan məqamlar çox zaman gizlədilir, ya da adi adamlar bu səbəbləri sadəcə görə bilmirlər. Hüquq-mühafizə orqanları isə onsuz da ağır faciəylə üzləşmiş ailəni çox çək-çevirə salmır. Bizim hamının bir-birini tanıdığı və çox zaman bir-biriylə qohum olduğu rayonlarımızda bu hal yaxşı qarşılanmadığından, polis və prokurorluq işin üstünə gedib, qınaq obyektinə çevrilmək istəmir. Hansısa ipucu, aşkar dəlil olanda da iş “ənənəvi üsullarla” ört-basdır edilir. Yəni “uşaq mənimdir, olan da mənə olub, al payını və get işinlə məşğul ol.” Əgər ortalıqda narazı qalan, şikayət edən yoxdursa, səs-küy qaldırmağa nə hacət? Problemin ictimai rezonans, sosial təsirləri və nəticələri isə kimsəni narahat etmir.
Digər tərəfdən, tutaq ki, valideyn uşağını döydüyünü və ya təhqir etdiyini boynuna aldı, polisdə ona qarşı formal olaraq cinayət işi qaldırdı. Axı uşağı döyüb-söyməklə tənbeh etməyə görə indiyəcən kimi tutublar və ümumiyyətlə, Azərbaycanda bunu etməyən neçə adam tapmaq olar? O ki qaldı bunun intihara səbəb olması və ölümlə nəticələnməsinə, bu məsələnin də hansı yolla həll olunduğunu bizim bu başı bəlalı məmləkətdə bilməyən yoxdur.
Qonşu Rusiyada aparılan araşdırmalara görə, uşaq intiharlarının 75 faizinin səbəbi naməlum qalır. Nə pedaqoqlar, nə də polis yeniyetmələrin özlərinə qəsd etmələrinin səbəbini müəyyənləşdirə bilmir. Əgər səbəb bəlli deyilsə, deməli, problemlə mübarizə də effektiv ola bilməz.
Yerdə qalan 25 faizdə ilk yeri valideynlərlə dava-dalaşlar və problemlər tutur. Uşaqların intiharına, eyni zamanda, məktəbdəki müəllimlər və şagirdlərlə yaşanan münaqişələr, məhəllədəki yoldaşlar, oturub-durduları dostlarla münasibətlərdən törəyən motivlər, qarşılıqsız sevgi, qısqanclıq, özünütəsdiq, özünüifadə ilə bağlı emosional-psixoloji hallar da səbəb olur. Belə hallarda valideynlər səbəbin araşdırılmasında maraqlı olduqlarından, şikayət etdiklərindən, hüquq-mühafizə orqanları da işə ciddi yanaşır və günahkar əksər hallarda aşkar olunaraq cəzalandırılır. Orta məktəbdə oxuduğum illərdə qonşu məktəbdə belə bir hadisə olmuşdu: qadın müəllimə sözünə baxmayan oğlan şagirdi cəzalandırmaq üçün kişi direktor müavinini çağırmış, müavin oğlanı uşaqların gözü qarşısında döymüş, o da dərsdən qaçaraq evə getmiş və özünü tüfənglə vurmuşdu. O zaman direktor müavinini həbs etdilər. Ancaq sonradan həmin şəxs həbsxanadan çıxıb, hansı yollasa yenidən müəllimliyə başlamaq hüququ əldə etdi, sonra isə direktor oldu və cəmiyyət də bunu normal qarşıladı.
Uşaq yoxdursa, onun həyatdan könüllü getməsinin səbəblərini ancaq güman etmək olar. Buna baxmayaraq, hər bir faktla bağlı valideynlər, qonşular, dostlar, sinif yoldaşları peşəkar mütəxəssislər tərəfindən sorğu-suala tutulmalıdır.
Yenə Rusiyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, intihar edən uşaqlar arasında maddi imkan yüksək ailələrdən olan və normal tərbiyə alanlar üstünlük təşkil edir. Ancaq bizdəki yeniyetmə və gənclər arasındakı intihar halları bunun ölkəmiz üçün xarakterik olmadığını göstərir. Bununla belə, bu mənim şəxsi müşahidəmdir və statistik araşdırmalara əsaslanmır.
İntihar hallarına bəzən uşaqların oynadığı müxtəlif kompüter oyunları, baxdıqları ziyanlı filmlər, seriallar və kliplər də səbəb olur. Yadımdadır ki, bir zamanlar tanınmış türk müğənnisi Sibel Canın “Kanasın” adlı bir klipi televizorda tez-tez nümayiş olunurdu. Həmin klipdə nakam sevginin əzabına dözməyən müğənni hamam vannasına girib damarını kəsir və qana bulaşmış halda oxuyurdu:

“Kanasın, kanasın,
Bırakın yaram kanasın,
Kaderimse böyle sevmek,
Bırakın anam ağlasın”.

Belə klipə baxan və qarşılıqsız sevgiyə tuş gələn Sibel Can fanatının, ağlı yetərincə formalaşmamış, həyat təcrübəsi olmayan insanın eyni hərəkəti təkrarlamaq ehtimalı xeyli yüksəkdir. O zaman Türkiyədə xeyli belə hadisələr oldu. Amma nə müğənni, nə də onu efirə buraxanlar heç bir məsuliyyət daşımadılar. Bundan başqa, hansısa başqa bir müğənninin “Depresyondayım” adlı mahnısını dinləyən neçə gənc özünü yüksək binalardan ataraq canlarına qəsd etmişdilər.
Mövzu çox geniş olduğundan bir köşə yazısında onu tam əhatə etmək, əlbəttə, mümkün deyil. Zənnimcə, ilk növbədə valideynlər öz övladlarına qarşı son dərəcə diqqətli olmalı, onların fərdi-psixoloji xüsusiyyətlərini öyrənməli və onlarla münasibətlərdə bunları ciddi şəkildə nəzərə almalıdırlar.
Dövlət bu məsələylə məşğul olan xüsusi qurum yarada, problemlə peşəkar səviyyədə məşğul olan mütəxəssislər (suisidoloqlar) yetişdirilməsinin qayğısına qala, sosial proqramlar, bu sahədə çalışmaq istəyən QHT-lərin fəaliyyətini təşviq edə və digər fəaliyyətlər həyata keçirə bilər. Əlbəttə, uşaq və yeniyetmə intiharları əlahiddə bir problem deyil, o da bütün digər məsələlər kimi, cəmiyyətdəki ümumi atmosferlə sıx bağlıdır. Lakin bu məsələnin miqyası getdikcə böyüdüyündən, digər problemlərlə yanaşı, onun da həlliylə xüsusi məşğul olmağın zamanı çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər