İranda Azərbaycan vətəndaşları həbs edilib

İranda Azərbaycan vətəndaşları həbs edilib Azərbaycanda “Həyat Sözü” Kilsəsinin üzvləri Yusif Fərhadov, Eldar Qurbanov və Bəhram Nəsibovun İranda həbs edildiyi bildirilir. Bu barədə məlumatı saxlanılanlardan biri Yusif Fərhadovun qardaşı Ceyhun Fərhadov «Amerikanın Səsi»nə müsahibəsində bildirib. O, qardaşı və iki dostunun İranın paytaxtı Tehran şəhərinə dostları tərəfindən dəvət olunduğunu və nişan mərasiminə qatılan zaman həbs olunduğunu bildirib.

“Qardaşım və iki dostu Tehranda qonaq olanda iyunun 24-də onları nişan mərasiminə dəvət ediblər. Əldə etdiyimiz məlumata görə, onlar nişan mərasimində olan zaman Milli Təhlükəsizlik Xidmətindən gələrək nişanda olan hamını həbs ediblər. Qardaşım və dostları həbs olunandan bir həftə sonra bizə zəng etmək imkanı əldə ediblər. Ayın 3-də hamısı evlərinə zəng edib, hansı həbsxanada olduqlarını və təkkameralıq məhbəsdə saxlandıqlarını bildiriblər. Onlarla maraqlanan yoxdur və onları heç kəs sorğu-sual etməyib”.
Ceyhun Fərhadov onların nəyə görə saxlandığını dəqiq bilməsə də, ehtimal kimi qardaşının dostlarının məsihçi olmasını irəli sürür. Ancaq o deyir ki, onlar polis yox, təhlükəsizlik idarəsi tərəfindən və hər hansı xristian dini mərasimində yox, nişanda saxlanıblar: “Nişan qonaqlığı olub. Heç bir dua olunmayıb. Onlar sadəcə qonaq kimi orada əyləşiblər”. Ancaq Ceyhun Fərhadov onların qardaşı və dostlarının nişandan əvvəl hər hansı dini mərasiminə qatılıb-qatılmaması barədə məlumatlı deyil. O, qardaşı ilə əlaqə saxlamaq imkanlarının məhdud olduğunu bildirir.

İranda Azərbaycan vətəndaşları həbs edilib
Yusif Fərhadov

“Biz yox, onlar bizimlə əlaqə saxlayıblar. Həbsxanadan onlara imkan veriblər ki, naməlum nömrələrdən hərəsi öz ailəsinə zəng eləsin. Onları iyunun 24-də tutublar, onlar 3 iyulda evlərinə zəng edə biliblər. 4 gün əvvəl isə onlar yenidən zəng ediblər. Hər həftə 1 dəfə zəng edə bilirlər”.
Təkkameralı hücrədə saxlanan bu 3 nəfərin yemək və su ilə təmin olunduğunu bildərən Ceyhun Fərhadov onların vəkillə təmin olunmadıqlarını, hətta nədə ittiham olunduqları barədə məlumat verilmədiyini deyir: “Onların yoldaşları Azərbaycan Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edib. XİN bizim İrandakı səfirliyə məlumat verib. Oradakı səfirlik isə İran Xarici İşlər Nazirliyinə nota verib. Onların harada saxlanmasına dair məlumat əldə edilməyə çalışılır. Biz onların kəşfiyyat idarəsində saxlandlığını ehtimal edirik. Səfirliyin nümayəyndələri onlarla görüşmək istəyir, ancaq o təşkilat indiyədək onların orada olmasını təsdiq etməyib”.
Ceyhun Fərhadov hər 3 şəxsin valideynləri, həyat yoldaşları və övladlarının onlardan ciddi narahat olduğunu və tezliklə azadlığa çıxmalarını istədiklərini deyib.
İran rəsmiləri «Amerikanın Səsi»nə müsahibə vermədiyi üçün bu 3 şəxsin saxlanılması barədə İran hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.


Tehsil-press.az

Oxşar xəbərlər