Xanımlar hər zaman gözəl görünməlidir

Xanımlar hər zaman gözəl görünməlidir Müsahibimiz əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovadır

- Fəxriyyə xanım, qadınlar hər zaman gözəl görünmək istəyirlər. Yay mövsümüdür, az qala hər gün dəyişən moda aləmi bu mövsümdə nələri vəd edir?
- Gözəl olmayan qadın yoxdur, baxımsız qadın var. Xanımlarımız daha da gözəl görünmələri üçün makiyajlarına, saç düzümlərinə, geyimlərinə diqqət yetirməlidirlər. Onlar yay mövsümündə, geyimlərində ən gözəl cizgilərini nəzərə çapdıra bilərlər. Hər mövsümün öz dəbi var. Bu mövsümün digər mövsümdən fərqi ondadır ki, yay mövsümü sakit tonlarla müşahidə olunacaq, sərbəst geyimlərə daha çox üstünlük veriləcək. Nəzərə alınmalıdır ki, belə geyimlər daha çox rahatlığı təmin edir.

- Bu mövsümdə hansı rənglər aktualdır?
- Hər hansı rəng aktual olmayacaq. Aktual istiqamət var, rəng yoxdur. Buna moda tendensiyalarında krem-vanil-karamel deyilir. Ən dəbli geyimlər bu rəngdə və qızılı rəngdə olacaq. Geyimdə ən çox məna kəsb edən amil rəng çalarlardır. Rəng seçimində üz görünüşünün gözəçarpan olması vacib deyil. Rəng yaş həddi ilə uyğunluq təşkil etməli, müasir olmalıdır. Yubka və buluzlar ayaqqabı,əlcək və çanta ilə uyğunlaşmalıdır. Yaxşı olar ki, onlar neytral tonlarda seçilsin. Mövsümün əhvali-ruhiyyəsinə, iqlimə uyğun maraqlı, qeyri-adi geyimlərin istifadəsinə imkan yaranacaq.

Xanımlar hər zaman gözəl görünməlidir


- Dəbli görünüşün bir hissəsini də aksesuarlar təşkil edir. Aksesuarlar barədə nə deyə bilərsiniz?

- Aksesuarlara əl çantaları, şərf, yaylıq, şlyapa, kəmər, ayaqqabı, zinət əşyaları, eynəklər aiddir.
- Xüsusilə mən eynəklər haqqında istərdim. Xanımların qarderobunda mütləq üç cür eynək olması vacibdir. Yayda qızmar günəşin altında gəzmək üçün birinci eynəyin şüşələri tam qara rəngli olmalıdır. Axşamüstü mən özüm də belə eynəklərdən istifadə edirəm. Bardo və bənövşəyi rəngdə çərçivələr aktualdır. Bu rəngdə eynəklər çox dəbdə olacaq. Üçüncü eynək hədsiz açıq rəngdə eynəklərdir ki, sarı və ya zeytun rənglərində şüşələr, çərçivələr, bu mövsümün dəbinə aiddir.

- Fəxriyyə xanım, hansı üslublara üstünlük veriləcək?
- Yay mövsümündə üslublar müxtəlif olacaq. Bir neçə üsluba üstünlük verməyi məsləhət görürəm. Onlardan biri incə, zərif, romantik üslubdur. Bu üsluba uyğun incə, çiçək motivi paltarlar, ətəklər dəbdə olacaq. Burada bir az həcmə yer vermək lazımdır. Proporsiya elə olmalıdır ki, həm assimetriyalar, həm də lay-lay kəsimlər müşahidə edilsin. İkinci üslub səyahət üçün nəzərdə tutulur. Rahat, funksional, əlverişli, təbii parçalardan tikilən geyimlər dəbdədir. Bu müxtəlif şalvarlar, şortlar ola bilər. Ətəklər də idman üslubunda olmalıdır. İndi elə kəsimlər var ki, bir ətəkdən iki-üç ətək çıxarmaq mümkündür. Müxtəlif bağlar, zamoklar vasitəsilə onlar uzana, qısala, darala, genişlənə bilər. Hazırda dəb belə geyimləri təqdim edir. Yayda gecə saatlarına qədər hansısa əyləncə məkanında, dəniz kənarında olan zaman hava rütubətli, sərin olur. Bunun üçün də qarderobda yüngül parçalardan hazırlanan ternclərin olmasını məsləhət görürəm. Trenc isə, astarsız plaş formasıdır.

Xanımlar hər zaman gözəl görünməlidir

- Bu mövsümdə şalvar, yoxsa yubkalar dəbdə olacaq?
- Şalvar yubka qədər müvəffəqiyyət qazana bilmir. Amma modanın inkişafı ilə əlaqədar müxtəlif faktura və rənglərə, dekorativ detallara, yəni mürəkkəb formalı kəmərlər və ya ciblərə, ensiz dəri kəmərlərə - zəncir və breloka, yaxud onlarsız bu əlavələrə işlənmiş tərzə tələbat arta bilər. Dəblə geyinən xanımların qarderobunda mövsümün hiti hesab edilən müxtəlif biçimli yubkalar da yer alacaq. Bu yubkalar dəbdəbəli uzunboğaz çəkmə və tuflilər ideal uzlaşma təşkil edə bilər. Kosmopilot tərz modaya dar yubkanı dizə qədər uzunluqda, kostyumla həmahəng köynək – buluzla birlikdə geyməyi diktə edir. Yubkalar düz və bir qədər aşağıya doğru assimetrlik kəsiklər, pilissirovka olunmuş detallar və qatlara diqqəti cəlb edəcək.

- Fəxriyyə xanım, işgüzar geyimlər, ziyafət və axşam geyimləri barədə fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirəm?
- Belə geyimlərdə klassika və avanqardın romantik üslubla bir qədər sintezi müşahidə olunur.
Sözsüz ki, yeni tendensiyasının əsası olan klassika və romantikanın cizgi və detallarda əks olunmasını xüsusi qeyd etmək lazımdır. Əsas rolu dekorativ detallar, aksessuarlar, əl işləmələri və s. oynayır. Yəni incə görünüşlü, zövqlü, əli ilə tikmələr, hər bir modeli möcüzəyə çevirir. Bu ilin işgüzar kostyumları daha çox dekorativ detallara üstünlük verdiyi üçün haşiyə və şifon, müxtəlif əl işləmələri görünüşü daha da təmtəraqlı edir.

- Xanımların gözəl görünmələri üçün makiyajın, saç düzümünün rolu böyükdür. Makiyaj haqda nə deyə bilərsiniz?

- Bu mövsümdə xanımların makiyajı üçün dəbdə olan barokko stilində makiyaj gündəlik işgüzar, həyat tərzinə uyğundur. Bu stildə xanımların göz qapağı üçün çəhrayı və açıq qəhvəyi kölgələrdən istifadə etmələri, tünd sürməyi rəngli kölgələri gözün xarici küncünə və göz qapağının qatına yüngülcə çəkmələri məsləhətdir. Saç düzümünə gəldikdə isə o xüsusilə orijinal və ekstravaqant olmalıdır. Müxtəlif bəzək aksessuarları və sancaqlardan istifadə etməklə dəbdəbəli saç düzümləri yaratmaq olar. Qlamur stil – 40-cı illərin Hollivud kino ulduzlarının saç düzümləri dəbdə olacaq. Uzun düz saçlar təbii görünüşü ifadə edən ən aktual formadır. Romantik buruqlar isə bugünkü dəbə çox uyğundur. Xanım hansı yaşda olursa-olsun, hər zaman gözəl görünməlidir.

Xanımlar hər zaman gözəl görünməlidir

- Xanımlar məsləhətiniz?
- Xanımlara məsləhətim odur ki, yayda dərini və saçları günəşdən qorumaq üçün şərflər, ləçəklər, şlyapalardan istifadə etsinlər. Bunlar xanımların səhhətləri üçün vacibdir. Yay geyimlərində ansamblların, yüksək keyfiyyətli parçalardan – tvit və buklelərdən hazırlanması bir daha moda aləminə eleqantlıq qayıdışından xəbər verir. Sakvoyaj tipli çantalar mövsüm üçün çox əlverişlidir. Ayaqqabılara gəldikdə isə yayda daha çox ayaq üstə olduğumuz üçün hündürdaban ayaqqabılardan istifadəni məsləhət görmürəm. Xanımlarımız hər zaman sağlamlıqlarını, gözəlliklərinin qədrini bilsinlər. Mən hər zaman xanımlarımızın yüksək əhvali-ruhiyyədə olmalarını, hər zaman gözəl görünmələrini arzu edirəm.

- Fəxriyyə xanım, müsahibə üçün çox sağ olun. Sizə hər zaman belə gözəl görünməyinizi arzulayırıq.

Müsahibəni hazırladı:
Kəmalə RƏHİMLİ


Oxşar xəbərlər