Plastik cərrah: “Azərbaycanda cinsini dəyişmək istəyənlər var, amma…” - MÜSAHİBƏ

Plastik cərrah: “Azərbaycanda cinsini dəyişmək istəyənlər var, amma…” - MÜSAHİBƏ Bir vaxtlar estetik əməliyyat sadəcə məşhur və zəngin insanların gözəlləşmək üsulu idi. Hətta məşhurların çoxu estetik əməliyyat elətdirdiyini danır, iddiaları yalan çıxarmaq üçün əlindən gələni edirdi. Ancaq illər keçdi və estetik əməliyyatlar həyatımızın bir parçasına çevrildi. İndi adicə avtobusda və ya metroda insanlara nəzər yetirsəniz, çoxunun bu gözəllik vasitəsinə müraciət etdiyini görərsiniz.

Tehsil-press.az “Şirin söhbət” layihəsi çərçivəsində estetik cərrah, professor Rövşən Babayevlə söhbətləşib.
Bu müsahibədə estetik əməliyyatla bağlı sizi maraqlandıran bir çox suala cavab tapacaqsınız.

- Əvvəlcə təhsiliniz haqqında məlumat verərdiniz…
- Azərbaycan Tibb Universitetini bitirmişəm. Təhsilimi Ukrayna Tibb Akademiyasında davam etdirmişəm. Daha sonra isə Türkiyənin İstanbul şəhərində 3 il işləyib təcrübə keçmişəm.

- Xarici ölkədə təhsildən söz düşmüşkən soruşmasam, olmaz. Bizdə insanlar daha çox xarici mütəxəssislərə müraciət edirlər. Onlara inam daha çoxdur. Sizcə, bu, nə ilə bağlıdır?
- Bir dəfə dostum da mənə bu sualı verdi ki, niyə istedadlı mütəxəssislərimiz olmasına baxmayaraq, insanlar əcnəbi həkimə gedir? Bu, ümumiyyətlə, insan psixologiyası ilə bağlıdır. İstənilən cəmiyyətdə xaricdən gələn kadra maraq var. Məsələn, Amerikanın özündə Yaponiyadan və ya İsraildən gələn həkim yerli həkimdən daha çox maraq doğuracaq. Bu, xəstələrin seçimidir, xaricə maraq bizdə kadr çatışmazlığı olduğunu göstərmir. Təbabətimiz son illər inkişaf edir, güclü kadrlar yetişir. Bu da sağlam rəqabətin nəticəsidir. Rəqabət olmayan yerdə inkişaf da olmaz.

- Sizcə, insanlarda yerli həkimə inamsızlığın yaranmasında səriştəsiz, işini bilməyən doktorların heç bir rolu yoxdur?
- Bakıda olan bütün restoranların aşpazları yeməkləri dadlı bişirmir. Amma bu ölkədə dadlı yemək bişirilmədiyini göstərmir. Bir neçə həkimə görə hamını günahlandırmaq səhv yanaşmadır. Təcrübəli həkim də var, təcrübəsiz həkim də…

- Həkim, siz əsəbiləşməmiş söhbəti bir az dəyişək. Son vaxtlar hansı estetik müdaxilələr populyarlıq qazanıb?
- Burun əməliyyatı həmişə populyar olub və gələcəkdə də belə olacaq. Çünki Qafqazda yaşayanların ən çox burun nahiyəsində problem olur. Məsələn, Koreyada, Yaponiyada yaşayan insanlarda təsadüfi hallarda böyük, uzun və kobud buruna rast gəlinir. Ancaq bizim regionda burun deformasiyalı insanların sayı daha çoxdur. Ona görə də ən çox renoplastika, yəni burun əməliyyatı üçün müraciət alırıq.

- Burun əməliyyatı əvvəllər çətin və təhlükəli hesab edilirdi. Ancaq son vaxtlar heç kim bu əməliyyatdan çəkinmir. Bu, nə ilə bağlıdır?
- İxtisaslaşmış kadrlarımızın kifayət qədər olması, əməliyyatdan sonrakı sağalma prosesinin qısalığı, pasiyentin qısa müddətdə sosial həyata geri qayıda bilməsi bu əməliyyatı hamı üçün əlçatan edir.

- Son vaxtlar trendə çevrilən əməliyyat üsulları var. Məsələn, üzün dartılması əvəzinə “hörümçək toru” adı verilən üsula müraciət edilir. Bu, trendləri təqib edirsiniz?
- Estetik cərrahiyənin əlifbası eyni qalır. Yəni 20 il öncə burun əməliyyatı necə idisə, indi də elədir. Sadəcə, alətlər dəyişir, istifadə edilən iynə-dərman yenilənir, pasiyentlərin zövq və tələbləri dəyişir. Təbii ki, bununla ayaqlaşmaq lazımdır. Məsələn, əvvəllər narkoz almaq təhlükəli hesab edilirdi. İndi isə narkoz o qədər zərərsiz hala gətirilib ki, səhər saatlarında əməliyyat etdiyimiz xəstəni saat 16-17-də evə göndəririk.

- Qadın pasiyentlərinizin sayı çoxdur, yoxsa kişilərin?
- Əvvəllər qadınların sayı çox idi. İki il bundan öncəyə qədər xəstələrimizin təxminən, 80 faizi qadın, 20 faizi kişilər olurdu. İndi isə faiz nisbəti dəyişib. Kişilər artıq 40 faizi təşkil edir. Bu da normaldır. Çünki artıq hər iki cins xarici görkəmin oynadığı rolun fərqindədir.

- Kişilər ən çox hansı əməliyyatlar üçün müraciət edirlər?
- Sözsüz ki, birinci yerdə burun əməliyyatları durur. İkinci sırada ginekomastiya, yəni süd vəzilərinin kiçildilməsi əməliyyatı dayanır. Bir çox kişidə süd vəziləri böyük olur, ona görə də onu kiçiltmək lazım gəlir.

- Mən elə bilirdim Azərbaycan kişilərinin ən böyük problemi qarın piyləridir (gülüşmə)…
- Belə əməliyyatlar üçüncü sırada gəlir. Arıqlamaq üçün edilən əməliyyatlar və həddən artıq çəki itirdikdən sonra sallanmış dərinin götürülməsi üstünlük təşkil edir.

- Qadınlarda da vəziyyət eynidir?
- Qadınları ən çox burundakı deformasiyalar narahat edir. Qarın piylərinin götürülməsi, çəki itirdikdən sonra sallanan dərinin dartılması, üz gərmə, qaş qaldırma əməliyyatları da populyardır.

- Hansı yaş aralığında olanlar sizə müraciət edirlər?
- 19 yaşdan 65 yaşa kimi hər kəs müraciət edə bilər.

- Estetik əməliyyat etdirmək üçün ən uyğun yaş hansıdır? Yaş sağalma prosesinə və ya əməliyyatın uğurlu alınmasına təsir edə bilirmi?
- Yaşın heç bir fərqi yoxdur. Yaş rekonstruktiv əməliyyatlarda rol oynaya bilər. Ancaq estetik əməliyyatlarda elə ciddi travma yaranmadığı üçün sağalma müddəti də qısa olur. Ancaq elə pasiyentlər olur ki, onlar yaşlarına uyğun olmayan əməliyyatlar etdirmək istəyirlər. Bu zaman onları məlumatlandırmalı oluruq və əməliyyat fikrindən daşındırırıq. Məsələn, 30-35 yaşlarda gəlib üz gərmə, 19 yaşında qarın gərmə əməliyyatı istəyən olur. Ancaq belə əməliyyatlar gənclər üçün uyğun deyil.

- Eşitdiyimə görə, estetik əməliyyata müraciət etmə səbəbləri arasında hansısa ulduza bənzəmək istəyi də az rol oynamır…
- Əlbəttə. Xüsusən gənc nəslin nümayəndələrində belə hallara çox rast gəlinir. 24-25 yaşlara kimi bir çox gənc kumir kimi gördüyü ulduza bənzəmək istəyir. 10 pasiyentimizdən 3-ü belə istəklə müraciət edir. Məsələn, hansısa ulduzun dodağını və ya burnunu istədiyini deyən xəstələrimiz olub. Əslində, bu, bir cəhətdən yaxşıdır. Çünki xəstənin necə bir burun və ya dodaq istədiyini təxmini bilirik və ona uyğun hərəkət etməyə çalışırıq. Ancaq üz quruluşunu nəzərə almalı olduğumuz üçün hansısa ulduzun burnunu və ya çənəsini eynilə kopyalamağımız mümkün olmur. Bunu öncədən xəstəyə başa salırıq.

- Bəs estetik əməliyat etdirmək bahalı başa gələn işdir? Qiymətləriniz barədə məlumat verə bilərsiniz?
- Qiymətlər pasiyentdən asılı olaraq dəyişə bilər. Görüləcək iş, istifadə ediləcək texnologiya qiymətə təsir edir.

- Bir pasiyent bir günün içində müxtəlif əməliyyatlar etdirə bilər?
- Bəli. Biz buna kombin əməliyyatlar deyirik. Kombin əməliyyatları Azərbaycanda ilk dəfə həyata keçirən həkimlərdənəm. Professor Murat Türegün ilə birlikdə bu əməliyyatları həyata keçiririk. O, mənim müəllimimdir, 5 ildən artıqdır ki, birlikdə işləyirik. Həm Türkiyədə, həm də Azərbaycanda uğurlu kombin əməliyyatlar etmişik. Bir seansda süd vəzisini kiçildib, forma verib, dikləşdirə, yağları götürə bilirik. Bəzən də üz gərmə əməliyyatı ilə göz qapaqlarının əməliyyatını eyni vaxtda edirik.

- Kombin əməliyyatların üstünlüyü nədir?
- Üstünlüyü odur ki, xəstə bir neçə əməliyyata, sadəcə, bir gün vaxt ayırmalı olur. Hər əməliyyat üçün ayrıca əziyyət çəkmir, sağalma mərhələsini bir dəfə keçir. Üç əməliyyat etdirib 10-15 günə sağalmaq mümkündür. Ancaq belə əməliyyatların uğurlu alınması üçün təkcə cərrahların yox, bütün komandanın təcrübəli olması şərtdir.

- Deyək ki, mən sizə müraciət etdim və sizdən məni dəyişməyinizi istədim. Mənə hansı əməliyyatları edərdiniz?
- Burun əməliyyatını məsləhət görərdim. Qulaqlara da kiçik müdaxilə etmək olar. Bir də bol miqdarda su içməyi və yuxu müddətinizi artırmağı məsləhət görərəm. Çünki dərinizin təravətlənməyə ehtiyacı var.

- Bildiyim qədərilə cinsini dəyişməyə qərar verən şəxslər də estetik cərrahlara müraciət edirlər. Ölkəmizdə belə əməliyyatlar edilirmi və belə əməliyyatları həyata keçirə bilən cərrahlar varmı?
- O tip əməliyyatları həyata keçirə bilən cərrahların sayı çox azdır. Bizə bu istəklə müraciət edən pasiyentlər olub. Ancaq əməliyyatı icra etməmişik. Ölkə qanunvericiliyində bu məsələ ilə bağlı hər hansı bir maddə olmadığı üçün pasiyentlərə xidmət verə bilmirik. Bu cür əməliyyatları Türkiyədə həyata keçirmişik. Belə əməliyyatlar asan başa gəlmir. Əvvəlcə pasiyentin psixoloji vəziyyəti müəyyənləşdirilir. Xəstə 6 aya yaxın psixoloqun nəzarətində olur. Daha sonra isə hormonal müalicə alır.

- Sizə müraciət edənlər kimlər olub? Yəni kişi olmaq istəyən qadınlar, yoxsa qadına çevrilmək istəyən kişilər?
- Hər iki halla qarşılaşmışıq.

- Dediniz ki, Türkiyədə bu cür əməliyyatlar etmisiniz. Təxmini say verə bilərsiniz?
- Sayını dəqiq deyə bilmərəm. Amma kifayət qədər olub.

- Türkiyədəki pasiyentlərlə yerli xəstələrin istəkləri, tələbləri arasında hansı fərqlər var?
- Yerli xəstələrimiz onkoloji məsələlərdə məlumatsızdır. Məsələn, bir çox insan elə bilir ki, xallara toxunmaq olmaz. Halbuki, xal və ziyillər əməliyyatla götürülə bilir. Bunun heç bir zərəri yoxdur. 95 faiz xalları təmizləmək mümkündür. Bir də xərçəng xəstəliyi səbəbilə süd vəzisi götürülən qadınlar əməliyyatla əvvəlki görkəmlərinə qovuşmaqdan çəkinir. Halbuki dünyada belə problemlə üzləşən əksər qadınlar bu xidmətdən yararlanıb. Belə qorxuların kökündə məlumatsızlıq dayanır. Tibb artıq o yerdədir ki, qarından götürdüyümüz toxumalarla süd vəzisi düzəldə bilirik.

- Sinə əməliyyatları ilə bağlı başqa bir problem də keyfiyyətsiz silikonlardır. Sosial şəbəkələrdə bu üzdən sağlamlıq problemləri yaşayan insanlarla çox qarşılaşıram. Xəstə ona qoyulacaq silikonun keyfiyyətli olduğunu necə müəyyənləşdirə bilər?
- Brend adı çəkmək istəmirəm. Ancaq keyfiyyətli silikonun mütləq pasportu olmalıdır. Həkim xəstəsinə istifadə edəcəyi silikonun pasportunu təqdim etməlidir.


Tehsil-press.az

Oxşar xəbərlər