Nərimanovda 219 bina söküləcək

Nərimanovda 219 bina söküləcək Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanılıb. Sözügedən qərar çərçivəsində Nərimanov rayonunda 219 qəzalı bina söküləcək, yerində çoxmərtəbəli binalar ucaldılacaq.

Nərimanov rayonu ərazisində söküləcək evlərin sakinləri ilə görüş keçirilir, əhali məlumatlandırılır. Layihə çərçivəsində ilk olaraq Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub.
Tehsil-press.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov virtualaz.org saytına görüləcək işlərlə bağlı geniş açıqlama verib.
H.Cəfərov deyib ki, sözügedən layihə qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır. “Nazirlər Kabinetinin qərarında şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan evlərin sökülməsi, bu evlərdə yaşayan sakinlərin yaşadıqları ərazidə tikiləcək yeni binalarda evlə təmin edilməsi nəzərdə tutulub. Yaxın günlərdə Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub. Artıq sakinlərlə görüş keçirilib, əksəriyyətlə müqavilə imzalanıb”, - H.Cəfərov qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, Qarabağ küçəsindəki mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadrat metrdir. Köhnə mənzillərin əvəzinə veriləcək mənzillərin sahəsi isə artıq olacaq: “Qərarda göstərilir ki, yeni mənzillərin ümumi sahəsi köhnə mənzillərin ümumi sahəsindən 15-20 faiz artıq olacaq. Məsələn, 18 kvadrat metrlik mənzilin əvəzinə 22 kvadrat mertlik sahəsi olan mənzil verilməlidir. Amma yeni tikilidə belə mənzillər yoxdur. Buna görə də, indiyədək 18-20 kvadrat metrlik sahəsi olan mənzillərdə yaşayanlara 40-45 kvadrat metrlik sahəsi olan mənzillər veriləcək. Üstəlik, yeni mənzillər tam təmirli olacaq. Sakinlərin kirayə mənzillərə, bina tikiləndən sonra isə yeni mənzillərə köçürülməsi də şirkətin hesabına həyata keçiriləcək”.
Şöbə müdiri deyir ki, binaların tikintisi 1 il 8 aya yekunlaşacaq. Bina tikilənə qədər isə sakinlərə hər ay kirayə haqqı ödəniləcək. “Söküləcək mənzillərin yerində tikiləcək binalar 1 il 8 aya hazır olacaq. Bu müddətdə isə sakinlər kirayə evlərə köçəcəklər. Kirayə haqqı hesablanarkən bazar qiymətləri nəzərə alınıb. Bir otaqlı mənzildə yaşayanlara 300, iki otaqlı mənzili olanlara 400, üç otaqlı mənzildə yaşayanlara isə ayda 500 manat kirayə haqqı veriləcək. Sakinlər 1 il 8 aydan sonra tam təmirli mənzilə köçə biləcəklər”, - H.Cəfərov əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər