Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Azərbaycan Tibb Universitetində (ATU) bu ali təhsil müəssisəsinin professor-müəllim heyətinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.
Unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə himayədarlıq etdiyini, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladan rektor ölkəmizdə səhiyyənin inkişafı və tibb kadrlarının hazırlanmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu bildirib.
ATU-nun stomatoloji və onkoloji klinikalarının ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran G.Gəraybəyli vurğulayıb ki, onun layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunmuş universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları ən müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə çıxışında qeyd edib ki, ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması, Azərbaycanın dinamik və sürətli iqtisadi inkişafını təmin edən neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün Ümummilli Liderin qurduğu fundament üzərində sürətlə inkişaf edir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasətə bu gün də xalqımız böyük etimad göstərir. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir.
Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçilik təcrübəsindən danışan M.İbrahimqızı müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini, onun dühasının böyüklüyünü, ideyalarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir.
Digər çıxış edənlər də Azərbaycan tarixində misilsiz xidmətləri ilə iz buraxmış ulu öndər Heydər Əliyev haqqında söz açaraq onun böyük dövlət xadimi, dünyanın nadir, seçilən siyasət adamı olduğunu vurğulayıblar.

ATU-nun Mətbuat Xidməti


Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Oxşar xəbərlər