İqtisadiyyat naziri: Gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində bütün sosial layihələr tam icra olunub

İqtisadiyyat naziri: Gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində bütün sosial layihələr tam icra olunub Gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində bütün sosial layihələr tam icra olunub. Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir:
"Ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.
Cənab Prezident, dövlət proqramlarından irəli gələn vəzifələrin və ötənilki konfransda verdiyiniz tapşırıqların icrası üçün hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, Sizin bölgələrə çoxsaylı səfərləriniz nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası ilə bağlı imzaladığınız 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb".
Ş.Mustafayev qeyd edib ki, hesabat ilində regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub: "Tapşırığınıza uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. Ötən il bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb. Həmçinin regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb".
Nazir deyib ki, meliorasiya və irriqasiya tədbirləri çərçivəsində keçən il 87 min hektar torpağın su təminatı yaxşılaşdırılıb, 12 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin edilib: "Bu il dövlət investisiya xərcləri və Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq layihələr hesabına 154 min hektardan çox əraziyə suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması hazırlanan Yuxarı Şirvan Kanalının yenidən qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə cəlb olunmasını mümkün edəcək. Ötən il Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə regionlarda onların sayı 6-ya çatıb və bu il Quba və Mingəçevirdə yeni mərkəzlərin fəaliyyətə başlaması nəzərdə tutulur.
Cənab Prezident, gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100–dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq. Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərdiyiniz qayğının ən bariz göstəriciləridir".
Onun sözlərinə görə, sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondu tərəfindən görülən işlər həm də regionlarda yaşayan əhalinin rifahının artmasına əhəmiyyətli töhfəsini verir. Ümumilikdə, görülən işlər nəticəsində ötən il 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb:
"Cənab Prezident, bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır. Müvafiq fərmanlarınıza əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür".
Ş.Mustafayev əlavə edib ki, regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib: "Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Hesabat ilində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Bununla yanaşı, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.
Ötən il Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi fəaliyyətə başlayıb, 9 rayonda isə müəssisələrin tikintisi bu il başa çatdırılacaq, 1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır".
İqtisadiyyat naziri deyib ki, görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb:
"Cənab Prezident, tapşırıqlarınıza uyğun olaraq, aqrar sahədə intensiv metodlar əsasında istehsalın genişləndirilməsi tədbirləri davam etdirilir. Son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Hesabat ilində Şəmkir və Yalamada aqroparkların yaradılması işləri davam etdirilib. Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb, payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir aqroparkında isə birinci mərhələ üzrə işlər davam etdirilir. Hazırda 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması təşviq olunur.
Ümumilikdə, son illər görülmüş işlər nəticəsində əsas ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb. Sənaye parklarında və zonalarında müasir müəssisələrin, eləcə də aqroparkların, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması hesabına növbəti illərdə idxaldan asılılıq daha da azalacaq, özünütəminetmə səviyyəsi və ixrac potensialı artacaq".

Tehsil-press.az

Oxşar xəbərlər