Zaqatala yeni inkişaf yolunda

Zaqatala yeni inkişaf yolunda Azərbaycanın dilbər guşəsi olan Zaqatala ildən-ilə abadlaşır, gözəlləşir və yeni uğurlar qazanır...

Gəlin, dağlar qoynunda yerləşən Zaqatala rayonu ilə tanış olaq:
Rayon mərkəzi Zaqatala şəhəri, Əliabad qəsəbəsi, rayonun ən iri kəndləri: Yuxarı Tala , Muxax, Danaçı , Muxax , Aşağı Tala kəndi, Maqov kəndi, Suvagil kəndi, Çobankol , Bəhmədli kəndləridir. Zaqatala istirahət və turizm zonalarından olan“Heydər parkı" - 1947-ci ildə salınmış bu parkın sahəsi 13 hektardır. Burada 27 ağac növü vardır. 2008-ci ildə parkda –yenidənqurma işləri aparılmış və müasir görkəm almışdır. Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldıldığı bu park əhalinin ən sevimli istirahət yeridir. 2008-ci ildə salınmış parka akademik Zərifə Əliyevanın adı verilmiş, büstü qoyulmuş və burada müasir səhnə, işıqlandırma sistemi, fəvvarələr quraşdırılmışdır. Dədə Qorqud meydanı - Zaqatala əhalisinin sevimli istirahət yeridir. Təbiətin möcüzəsi hesab edilən 750 yaşlı və gövdəsinin diametri 6-7 metr olan Çinar ağacı burada yerləşir. El arasında qala düzü pilləkanlari adlanan, 1946-cı ildə inşa edilən, sayı 128 olan pilləkanlar bu ərazidə yerləşir. Zaqatala tarix-mədəniyyət qoruğu - Zaqatala şəhərində yerləşən , 1830-cu ildə inşa edilən Zaqatala qalasında yerləşir. Bu qalada "Patyomkin" zirehli gəmisinin üsyançıları məhbus kimi saxlanılıb. Qalanın divarlarının eni 1.5 metrdir. Qalanın 100-dən çox mazğalı- tüfəng atmaq üçün yeri olub. Qalanın daxilində 20-dən çox yerli əhəmiyyətli tarixi abidə var. Car kəndi - Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Kəndin ərazisindən 2 dağ çayı /Bəkməz və Zilban/ axır. 3 tərəfi dağlardır. Ümumi sahəsi 1314 ha, əhalisi 3244 nəfərdir. Tarixi abidələrdən car məscidi /XVII əsr/ XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10-12 metr olan Cingiz qala vardır. Ərazidə "Gülüstan" turist bazası yerləşir. Hazırda turist bazasında məcburi köçkünlər yerləşdirilib. Qəbizdərə kəndi - Mazıx kəndinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəyində, Katex çayının sağ sahilində yerləşir. Əhalisi 234 nəfərdir. Burada turizm istirahət mərkəzi üçün torpaq sahəsi ayrılmış və tikintisinə başlanılacaqdır. Ərazidə 15 metr hündürlükdən tökülən Respublikanın ən bol sulu şəlaləsi vardır. Pərzivan - Yuxarı Tala və Muxax kəndlərinin arasında Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Sahəsi 142 hektar, əhalisi 110 nəfərdir. Pipan və Silov dərələri - Yuxarı Tala kəndinin şimal-şərqində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 70 ha sahəni əhatə edir. Tarixi abidələrdən Alban kilsəsi /IV-V əsrlər/ vardır. Burada turizm istirahət mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.Meşleş kəndi - Yuxarı Tala kəndinin şimalında Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 140 nəfər əhalisi vardır. Yuxarı Cardaxlar kəndinin ərazisi 1293 ha, əhalisi 2141 nəfərdir. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə
nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. Kənddə XIII əsrə aid bürc, Alban kilsə qalıqları, XIX əsrdə tikilmiş məscid vardır. Burada III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan "Pəri qala" sı yerləşir. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkan olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır.
Rayonda 3 ulduzlu, 80 nəfəri qəbul edə bilən "İs otel" mehmanxanası, 4 mərtəbəli, 100 nəfərlik restoranı, Avropa tipli mətbəxi olan "Zaqatala" mehmanxanası, futbol meydançası, idman qurğuları və saunası olan 5 otaqlı "Karvan" istirahət güşəsi, 10 otaqlı "SMU-2"moteli, 10 otaqlı "Turqut" moteli, "Ləzzət" istirahət zonası, atçılıq, faytonla gəzinti, ekoturizim, balıq ovu təşkil olunan "Farel" istirahət zonası və yeni tikilmiş "Qafqaz hotel"i əhaliyə mədəni xidmət göstərir.
Zaqatala Rayonunun İcra Başçısı Mübariz Əhmədzadədir. O, 15 yanvar 1947-ci il tarixdə Qax rayonun Qaxmuğa kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnistitutunun mexanika fakultəsini bitirib. Əmək fəaliyyətinə Zaqatala Maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlayıb. 1976-1979-cu illərdə Qax rayonYol İstehsal Dairəsində rəis vəzifəsində işləyib, 1979-1984-cü illərdə isə Qax rayonuTəsərrüfatlararası Tikinti idarəsində rəis işləyib. 1985-1989-cu illərdə Qax rayonundakı 94- nömrəli Səyyar mexanikləşdirilmiş dəstənin rəisi və 1989- 2007-ci illərdə isə Qax “Avtonəqliyyat” müəssisəsinin rəisi vəzifəsində calışıb. 27 dekabr 2007-ci ildən- 1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. 2009-cu ildən isə Zaqatala Rayonun İcra Hakimiyyətinin başçısıdır.
Zaqatala rayonu 2016-cı ili uğurla və böyük nailiyyətlərlə yola salır. Rayonda kənd təsərrüfatı sahələri xeyli inkişaf etdirilmiş,məhsuldarlıq artırılmışdır. Eyni zamanda xalq təsərrüfatının digər sahələrində də uğurlar qazanılıb. Bununla yanaşı Zaqatala şəhərində, rayonun qəsəbə və kənlərində xeyli abadlıq, tikinti,təmir və quraşdırma işləri aparılıb. Yəni zaqatalalılar təzə -2017-ci ili ötən illərdə olduğu kimi üzü-ağ qarşılayırlar. Unutmayaq ki, bu nailiyyətlərin qazanılmasında Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadənin, onun birinci müavini Tofiq Əhmədovun və icra sturukturunda işləyən digər əməkdaşlarının təşkilatçılıq bacarığı və fəaliyyəti danılmazdır.
Rayonda bütün sahələrdə inkişaf var...
Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək, nəinki regionun lider dövlətinə çevrilib, eyni zamanda, dünya miqyasında böyük nüfuz qazanıb, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınıb.Ötən illərdə Azərbaycanın əldə etdiyi uğurlar bir daha sübut edir ki, ölkəmizdə inkişafın strateji istiqamətləri düzgün müəyyənləşdirilib. Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində son illər xalqımızın həyat səviyyəsi daha da yüksəlib, ölkə vətəndaşlarının firavan yaşayışı təmin olunub.Bu iqtisadi yüksəliş regionların sosial-iqtisadi inkişafında xüsusilə qabarıq şəkildə özünü göstərir. Müstəqillik illərində regionların sürətli inkişafını Zaqatala rayonunun timsalında aydın görmək olar. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Zaqatala rayonunun da iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına səbəb olub. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2003-2015-ci illərdə rayonda ümumi məhsul buraxılışının həcmi 5,5 dəfə artaraq, 44,8 milyon manatdan 248,9 milyon manata çatıb. Bu illər ərzində rayonda sənaye məhsulu istehsalı 40,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,4 dəfə, əsas kapitala yönəldilən vəsait 14,2 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 22,4 dəfə artıb. 2003-2015-ci illərdə və 2016-cı ilin 9 ayı ərzində rayonda 15385-i daimi olmaqla, 21 mindən çox yeni iş yeri açılıb.Bu illər ərzində rayonda Beynəlxalq Hava Limanı, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, 3500 yerlik stadion, Qarabağ müharibəsi və şəhid ailələri üçün 64 mənzilli iki yaşayış binası, xeyli sayda fərdi ev, 4 mehmanxana, yeni avtovağzal binası, məişət tullantılarının idarə edilməsi üçün poliqon, həmçinin tütün və süd emalı zavodları, tütün qəbulu məntəqəsi, quş əti və fındıq emalı müəssisələri, fındıq məmulatları istehsalı sexi, soyuducu anbar kompleksi və onlarla emalyönümlü digər müəssisələr tikilib istifadəyə verilib. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi salınıb.Müstəqillik illərində Zaqatala rayonunda infrastrukturun bərpası, elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Tala çayı üzərində 172 metr uzunluğunda asma körpü, eləcə də Tala-Meşleş avtomobil yolu, Car kəndində Bəkməz, Muxax çayları üzərində körpülər inşa edilib və ya bərpa olunub. Onlarla kilometr uzunluğunda kəndlərarası avtomobil yollarına asfalt örtük döşənib. Rayon mərkəzi də daxil olmaqla, 29 yaşayış məntəqəsi qazlaşdırılıb, şəhərin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub.Bu illər ərzində Zaqatalada təhsilin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilib. 2004-2016-cı illərdə rayonda 14 min 160 şagird yerlik 44 yeni məktəb binası tikilib istifadəyə verilib, 4 min 585 şagird yerlik 10 məktəb binası isə əsaslı təmir olunub. 2012-ci ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonda qəzalı vəziyyətə düşmüş 20-dən artıq məktəb üçün yeni binalar tikilib istifadəyə verilib. Prezident İlham Əliyev 2006-2015-ci illərdə Zaqatala rayonuna 7 dəfə səfər edib, yeni tikilən obyektlərin açılışına qatılıb, görülən işlərlə maraqlanıb. Rayon ictimaiyyəti nümayəndələri ilə görüşlərində dövlətimizin başçısı Zaqatalanı Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri kimi səciyyələndirib.Hazırda Zaqatala rayonu yeni inkişaf dövrünü yaşayır. Rayonda ənənəvi sahələrin, o cümlədən fındıqçılığın, tütünçülüyün, baramaçılığın, gülçülüyün inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Zaqatalalılar müstəqil Azərbaycanın daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini vermək üçün bütün qüvvələri səfərbər ediblər.
Müharibə əlilləri və şəhid ailələri üçün yeni evlər tikilir
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırda rayonumuzda 11 fərdi ev inşa edilir. Bu evlərdən altısının tikintisi artıq tamamlanmaq üzrədir, beşinin tikintisinə isə yeni başlanılmışdır. Evlərin 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsinin müdiri Nəsrulla Həsrətovdan məlumat aldıq.Evlərin tikintisi Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamın icrasına uyğun olaraq həyata keçirilir.Sözügedən Sərəncama əsasən, 2016-cı ildə rayonumuzda 13 ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmuşdur.Ümumiyyətlə, 2018-ci ilin sonunadək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə yeni fərdi ev və mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Yeni gül emalı zavodu tikiləcək
Rayonda yeni gül emalı zavodu tikiləcək. Hazırda zavodun inşası üçün Türkiyədə layihələndirmə işləri aparılır.Rayonda yeni gül plantasiyaları da salınır. Bu məqsədlə rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılmışdır. Artıq 77 hektar sahədə yeni gül plantasiyası salınmışdır.Bolqarıstandan gətirilən 250 min ədəd qızılgül tingi 64 hektar sahəyə əkilmişdir. Ərazinin qalan hissəsinə isə hazırda “lavanda gülü” əkilir. Bu məqsədlə gətirilən 500 min ədəd gülün 260 min ədədi 13 hektar sahəyə köçürülüb və bu iş davam etdirilir. Yeni salınan gül plantasiyasından bir neçə ildən sonra ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.
2560 hektar sahədə yeni fındıq bağları salınıb
Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə rayonumuzda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır. Təkcə ötən ilin payız mövsümündə rayon ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınmışdır.Son illərdə köhnə fındıq bağlarının bərpası və yenilərinin salınması nəticəsində rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 847 hektar artırılaraq 16 min 419 hektara çatdırılmışdır. Bu bağların 9 min 15 hektarı barverəndir. 2016-cı ildə fındıq bağlarından 9 min tona yaxın məhsul tədarük
olunmuşdur. Ötən il bazarlarda fındığın bir kiloqramının satış qiyməti 5 manat ətrafında dəyişmişdir.
Azsaylı xalqların birgə konserti
Əsrlər boyu Azərbaycan xalqı tolerantlıq ənənələrinə, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların vahid ideyasına çevrilmişdir. Bu fikirlər “Multikulturalizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Zaqatala nümayəndəliyi və Üçüncü Tala kənd tam orta məktəbi kollektivinin birgə hazırladıqları “Biz Azərbaycanlıyıq” adlı tədbirdə səsləndirilmişdir.Tədbir iştirakçıları əvvəlcə rayon mədəniyyət mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Mövzu ilə bağlı çıxış edən Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və kənd məktəbinin direktoru Alimə Qurbanova multikulturalizmin ölkəmizdə həyat tərzinə çevrildiyini, Azərbaycanda müxtəlif millətlərin, din nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını, onlara öz milli mədəniyyətlərini, adət-ənənələrini sərbəst şəkildə nümayiş etdirmək üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışlar. İştirakçıların nəzərinə çatdırılmışdır ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Zaqatala rayonunda da qədim zamanlardan müxtəlif xalqların nümayəndələri mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər.

Elman Maliyev


Zaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolundaZaqatala yeni inkişaf yolunda

Oxşar xəbərlər