Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir İlin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
İnama görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Qədim inanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Yeli əsdirəni söyməzlər.
Qeyd edək ki, axır çərşənbə martın 14-də olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.
Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Təhsil-press.az

Oxşar xəbərlər