Prezident İlham Əliyev: Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir

Prezident İlham Əliyev: Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir Status-kvonun dəyişməsi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir.

Təhsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib:
Dövlət başçısı bildirib: "Azərbaycan özü də erməni təcavüzü, ərazimizin işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkir. Bu işğal 20 ildən artıqdır ki, davam edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır.
Orada bütün infrastruktur dağıdılmış, bütün tarixi və dini abidlərimiz isə məhv edilmişdir. ATƏT oraya faktaraşdırıcı iki missiya çərçivəsində nümayəndə və müşahidəçi göndərmişdir. Onların hesabatlarında aydın bildirilir ki, orada bütün tikililər, Azərbaycanın tarixi irsi tamamilə məhv edilmişdir.
Bu münaqişə Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsidir. Bir milyon azərbaycanlı bundan əziyyət çəkir, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu rəqəm isə dünyada adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəricilərdəndir.
Bu gün Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır. Münaqişə başlayanda bu rəqəm 8 milyona bərabər idi. Yəni 8 milyonun 1 milyonu 1990-cı illərin əvvəlində yurd-yuvasından məhrum edildi. Bu, gənc bir dövlət üçün çox ciddi siyasi, iqtisadi və sosial problem idi. Çünki həmin vaxt Azərbaycan yoxsul ölkə idi, iqtisadi xaos hökm sürürdü və gələcək iqtisadi inkişaf üçün vasitələr mövcud deyildi. Bundan əlavə isə işğal edilmiş ərazilərdən gəlmiş 1 milyon insanın ehtiyaclarını təmin etmək lazım idi.
Əlbəttə, o zamandan bəri Azərbaycan inkişaf etmişdir və biz soydaşlarımız üçün lazımi yaşayış şəraiti yaratmaq iqtidarındayıq. Ancaq münaqişə həll olunmamış qalır.
Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, “dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması” tələb olunur.
Lakin həmin qətnamələr kağız üzərində qalır, Ermənistan onlara məhəl qoymur və onların qəbul edilməsindən artıq 25 il keçib. Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqeyin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər.
Biz bunu ikili standartlar siyasəti hesab edirik. Təəssüflər olsun, ümumilikdə bu gün dünyada baş verənlər onu nümayiş etdirir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif olunur.
Hesab edirəm ki, BMT çərçivəsində islahatlar və ümumiyyətlə beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir.
Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər.
Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bax, o zaman bu, ədalət və vahid standartın göstərici olacaqdır.
Bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.
Bu, region üçün təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir. Biz münaqişənin sülh yolu ilə həllini arzulayırıq. Ancaq biz onun real həllini istəyirik. Ermənistan isə status-kvonun saxlanılmasını istəyir və vasitəçilərin - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransa, Rusiya və ABŞ-ın mühüm bəyanatlarına məhəl qoymur. Həmin dövlətlərin rəhbərləri dəfələrlə status-kvonun qəbuledilməz və onun dəyişməli olduğunu bəyan etmişlər. Status-kvonun dəyişməsi isə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir.

Təhsil-press.az

Oxşar xəbərlər