Mikayıl Cabbarov: Bakı Mühəndislik Universiteti yüksək potensiala malikdir

Mikayıl Cabbarov: Bakı Mühəndislik Universiteti yüksək potensiala malikdir Bakı Mühəndislik Universiteti ölkədə fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq üçün insan kapitalına və güclü maddi texniki bazaya malik olan ali təhsil müəssisəsidir.

Bu barədə təhsil naziri Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin maddi-texniki bazası ilə tanışlıq zamanı deyib. O, universitetin həm müəllim, həm də tələbə kontingentinin mövcud bazadan istifadə etmək, innovasiyaları tətbiq etməklə böyük tədqiqatlar, layihələr həyata keçirmək gücündə olduğunu qeyd edib.
Nazir mühəndis hazırlığı sahəsində Bakı Mühəndislik Universitetinin potensialını yüksək qiymətləndirib: “Bəzi ali təhsil müəssisələrimizdə, məsələn, kompüter mühəndisliyi üzrə yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün müvafiq baza yoxdur. Bu baxımdan həmin universitetlərə sözügedən ixtisas üzrə kadr hazırlığı ilə məşğul olmaq hüququ verməməliyik. Lakin tələbələrinin 70 faizi ingiliscə təhsil alan, müasir idarəetmə formasını özündə birləşdirən bir formatda fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti bu imkanlara malikdir”.
M.Cabbarov hər bir ali təhsil müəssisəsinin nailiyyətlərində mühitin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Uğur qazanmaq üçün lazım olan həmin mühit burada mövcuddur. Digər amillər – idarəetmənin, insan kapitalının keyfiyyəti, motivasiyası, maddi texniki baza və s. amillər imkan verir ki, Bakı Mühəndislik Universiteti qısa müddət içərisində universitetlər arasında öz layiqli yerini tutsun. Bunun üçün dövlət də zəruri sayılan dəstəyini əsirgəməyəcək. Çünki bu, ali təhsil sisteminin maraqlarına cavab verən siyasətdir”.
Təhsil naziri universitet qurularkən təhsil ocağının idarəetmə orqanının formalaşmasına da diqqətlə yanaşıldığını qeyd edib. Çünki dövlətin universitetdən böyük gözləntiləri var və bu təhsil ocağının universitetlər arasında layiqli ter tutması üçün zəruri sayılan dəstək veriləcək.
Qeyd edək ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan Bakı Mühəndislik Universiteti Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 noyabr 2016-cı ildə yaradılıb.
Universitetdə Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığının həyata keçirilməsi nəzərdə tutulub.
Bakı Mühəndislik Universiteti ümumilikdə 20 hektar sahədə yerləşir. Binalarının ümumi sahəsi 30 min kvadratmetrdir. 2 tədris korpusu, 2 yataqxanası var. Universitetdə mühəndislik fakültəsi laboratoriyası, kimya, mexanika, kompüter mühəndisliyi, fizika, biologiya, linqvistika laboratoriyaları fəaliyyət göstərir.

Təhsil-press.az

Oxşar xəbərlər