650 baldan yuxarı toplayan 60 tələbə Qafqaz Universitetində təhsilə başlayıb

650 baldan yuxarı toplayan 60 tələbə Qafqaz Universitetində təhsilə başlayıb “Bilik Günü “ münasibətilə Qafqaz Universitetində ənənəvi tədbir keçirilib.

Universitetdən Tehsil-press.az-a verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim kollektivi ilə yanaşı Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Millət vəkili Aydın Mirzəzadə, Təhsil nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov iştirak edib.
Rektor professor Havar Məmmədov qonaqları salamlayıb, tələbələri təbrik edib, Qafqaz Universitetinin fəaliyyətini mütəşəkkil şəkildə davam etdirdiyini bildirib: “Universitet texniki baza baxımından çox zəngindir və müasir laboratoriyalara malikdir. Hal-hazırda universitet tam elektronlaşıb. Maddi-texniki baza ilə yanaşı universitetimizin ən böyük zənginliyi onun professor və müəllim heyətinin keyfiyyətindədir. Bu gün universitetlərimizdə güclü maddi-texniki baza yaradılırsa, bu, respublika iqtisadiyyatının dinamik inkişafının daha bir əyani sübutudur və ölkədə aparılan uğurlu siyasətdən xəbər verir. Universitetin göstəriciləri çox yüksəkdir. Bu ilki qəbulu da uğurlu olub. Qafqaz Universitetinin iş dünyası ilə olan əlaqələri də təqdirəlayiqdir. Universitetin inkişafı və tələbələrin asudə vaxtının təşkili üçün əlimizdən gələni edəcəyik. Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhrələnərək ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edən mütəxəsislər hazırlayacağıq “.
Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil Millətin Gələcəyidir “ şüarını əsas tutaraq Qafqaz Universitetinin Azərbaycan təhsilinə verdiyi töhvələrdən və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb.
Millət vəkili Aydın Mirzəzadə və Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov çıxışlarında qeyd ediblər ki, Qafqaz Universiteti yüksək təhsil verməklə , ölkəmizi beynəlxalq reytinqlərdə təmsil etməklə yanaşı dövlətimiz üçün layiqli vətəndaş yetişdirir. Tələbələri “ Bilik Günü “ münasibətilə təbrik edən natiqlər ölkəmizin ən yaxşı universitetlərindən birində təhsil aldıqlarını xatırladaraq yaxşı mütəxəsis olmaları üçün çox çalışmalarını tövsiyyə ediblər.
Çıxış edən iş adamları universitet – iş dünyası əlaqələrinin vacibliyindən danışıb. Bildiriblər ki bu əməkdaşlıq Qafqaz Universiteti tərəfindən yüksək səviyyədə qurulub.
Universitetlər hər dövrdə dövlətin və dövlətçiliyin iqtisadi və intellekt potensialının göstəricisi olub. Qafqaz Universiteti də Azərbaycan Təhsil Sistemində xüsusi yeri olan universitetlərdən biridir. Hal-hazırda Qafqaz Universiteti 3 fakültədə 24 ixtisas üzrə qəbul aparır.
Mühəndislik Fakültəsi - kompyuter mühəndisliyi, inşaat mühəndisliyi, informasiya texnologiyaları, mexanika mühəndisliyi, kimya mühəndisliyi ixtisasları ;
İqtisadiyyat və idarəetmə Fakültəsi - Sənayenin təşkili və idarə olunması, Maliyyə, Mühasibat uçotu və audit , Dövlət və bələdiyyə idarəetməsi, Dünya iqtisadiyyatı, Biznesin idarə edilməsi , Beynəlxalq münasibətlər ixtisasları ;
Pedoqoji Fakültəsi - Riyaziyyat müəllimliyi, Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Psixologiya, Biologiya müəllimliyi , Kimya müəllimliyi ixtisasları ;
Bu il TQDK imtahanlarında 600-700 arası bal toplayan 229 tələbə universitetimizi seçmiş, 399 tələbə isə dövlət sifarişi ilə qəbul olunmuşdur. Pedoqoji ixtisaslarımızı isə 500 baldan yuxarı toplamış 116 tələbə seçmişdir. Məzun olan tələbələrimiz istər ölkəmizdə, istərsə də xarici ölkələrin ən prestijli şirkətlərində, dövlət qurumlarında çalışmaqda və ya yüksək səviyyəli ali məktəblərdə təhsillərini davam etdirməkdədirlər. Əlavə olaraq qeyd etmək istərdim ki, bu il TQDK-nın keçirdiyi imtahanlarda ən yüksək bal toplamış magistratura tələbələri də Qafqaz Universitetini seçmişlər. Magistraturaya qəbul səviyyəsinə görə Ali təhsil müəssisələri arasında 2-ci yerdə qərarlaşıb. Azərbaycanımızın nümunəvi ali təhsil ocaqlarından olan Qafqaz Universitetinə Xarici ölkələrədn qəbul olunan tələbə sayı hər il artmaqdadır. Türkiyə, Rusiya, Fransa , Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxstan, Qırğızıstan, İran kimi yaxın ölkələrlə yanaşı, Koreya, Ukrayna, Peru, İndoneziya, Miyammar, Yəmən, Çad, Mozambik, Küveyt kimi 30-dan çox ölkədən gələn tələbələrimizlə universitetimiz rəngarənglik qazanmışdır. Qafqaz Universitetindən məzun olan tələbələrimiz dünyanın 67 müxtəlif ölkəsində çalışmaqda və ya təhsillərini davam etdirməkdədirlər.
Bədii hissə ilə davam edən tədbirdə 650-baldan yuxarı toplayaraq Qafqaz Universitetini seçən 60 tələbəyə hədiyyələr təqdim edilib.
Universitetdə təhsil alan tələbə sayı və nailiyyətlər aşağıdakı kimidir.
Tələbə sayı (bakalavr və magistr birlikdə ) - 4585
700 bal toplayan tələbə sayı - 16 ( hal-hazırda 6 nəfər oxuyur )
Prezident təqaüdçüləri - 124 (hal-hazırda 46 təhsil alır)
Gələcəyin müəllimi təqaüdçüləri - 59
Bu il qəbul olan tələbə sayı (bakalavr və magistr birlikdə ) – 952
5.1. Bakalavriat – 703
5.2. Magistratura - 249
Bu il 600 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 229
Bu il 650 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 60
Bu il 500 baldan yuxari toplayib pedoqoji ixtisaslari seçmiş tələbə sayı - 116



Tehsil-press.az

Oxşar xəbərlər