İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mühüm fəaliyyətini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini vurğulayıb.
Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, hazırda Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir, Bakı Ticarət Limanının II mərhələsinin, azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər davam etdirilir. Aktauda Azərbaycanın xarici ölkədə ilk logistik mərkəzi fəaliyyət göstərir və Türkiyə iş adamları bu logistik mərkəzin imkanlarından istifadə edə bilər. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixrac üçün də imkanlar genişdir.
E.Özoral ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialı vurğulayraq, Naxçıvan Muxtar Respublikasından məhsulların Türkiyəyə ixracının mümkünlüyünü qeyd edib.
Görüşdə yeni yaradılmış Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) fəaliyyəti barədə də məlumat verilib, qurumun fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında, iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb. Səfir İqtisadiyyat nazirini aprelin 29-da TÜİB-in təqdimatına dair tədbirə dəvət edib.
Ş.Mustafayev isə aprelin 25-də Bakıda “Sahibkarlar Günü”nün qeyd olunacağını bildirərək, TÜİB nümayəndələrinin tədbirdə iştirak edə biləcəklərini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər