MTN generalı: “Büdcədən götürdüyümüz 2 milyon manat Eldar Mahmudova çatıb”

MTN generalı: “Büdcədən götürdüyümüz 2 milyon manat Eldar Mahmudova çatıb” Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin istintaq zamanı verdiyi ifadəsi zamanı irəli sürülən ittihamları qəbul etməyib.
Təhsil-press.az-ın məlumatına görə, Elçin Quliyev ibtidai istintaqa bildirib ki, 2007-ci ildən 2015-ci ilədək Antiterror Mərkəzinin rəisi, daha sonra MTN-nin H. Əliyev adına Akademiyasında kafedra müdiri işləyib. Hər zaman milli təhlükəsizlik naziri Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirib: "Monitorinq mərkəzinin rəisi Teymur Quliyev müəyyən məlumatlar göndərib. Biz də məlumatları toplamışıq və onları nazirə təqdim etmişəm”.
E. Quliyev deyib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq nazir Eldar Mahmudov ona işarə edib, bir neçə dəfə həmin qurumlarda pul olub-olmadığını soruşub.
2015-ci ilin oktyabr ayınadək dövlət büdcəsindən MTN-in Maliyyə İdarəsinin kassasının xüsusi xərclər smetasına ayrılmış pul vəsaitlərindən ümumilikdə 7 milyon 360 min 58 manat məbləğində nağd pul təyinatı üzrə xərclənməyib:
“Antiterror Mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabeliyimdə olan işçilərin icraatında olan əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələrə pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat işçisi tərəfindən raportla mənə müraciət olunurdu. Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin Maliyyə İdarəsinə təqdim edilirdi. İdarədən müvafiq məbləğdə pul götürüldükdən sonra müavinim İlqar Əliyevə verilirdi. O da aidiyyəti üzrə əməkdaşlara paylayırdı. Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim”.
Elçin Quliyev qeyd edib ki, 2013-cü ilin dekabr ayında sabiq nazir ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyatı üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib: “Buna görə təcili olaraq İlqar Əliyevə məlumat verdim, həmin iş üzrə bir neçə raport yazmalarını bildirdim. Daha sonra ümumi məbləği bir milyon manatdan yuxarı pulun götürülməsinə dair bir neçə raport götürdüm və silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir raportları təsdiqləyəndən sonra hansısa işçimiz tərəfindən həmin vəsait İdarədən götürüldü. Pul əvvəlcə İlqar Əliyevin otağına gətirildi. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Mahmudova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Mahmudova göndərilib”.
Elçin Quliyevin sözlərinə görə, həmin hadisədən bir neçə gün sonra sabiq nazir yenidən ona zəng vurub və yenidən təxminən bir milyon manat lazım olduğunu, yenə də “Şimal küləyi” adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırıb: “Yenidən İlqar Əliyev vasitəsi ilə bir neçə raport yazdırdım. Maliyyə idarəsinin rəisi Rəşad Hüseynovla razılaşdırdıq ki, pul vəsaiti birbaşa maliyyə idarəsindən Vüqar Mahmudova verilsin. Buna görə də pul birbaşa Vüqar Mahmudova verildi. Bildiyimə görə, 2013-cü ilin dekabr ayında Antiterror Mərkəzi ilə yanaşı, nazirliyin digər idarələrindən də, eyni qaydada pullar götürülüb”.
Elçin Quliyev qeyd edib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub və Monitorinq Xidmətinin rəisi Teymur Quliyevə bir obyekt barədə texniki-tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb: “Daha sonra Teymur Quliyev müəyyən məlumatlar göndərdi. Biz də əlavə məlumatlar toplayaraq sabiq nazirə təqdim etdik. Barəsində texniki tədbirlər tətbiq edilmiş vəzifəli şəxslərin adlarını hazırda xatırlamıram. İttihamda göstərilən şəxslər barəsində hər hansı bir tədbirin keçirilməsi, telefon danışıqlarına dair məlumatların götürülməsi, qulaq asılması məsələlərin razılaşdırılması ilə bağlı sabiq nazir Eldar Mahmudova və ya nazir müavini Hilal Əsədova məruzə edib-etmədiyimi xatırlamıram”.

Təhsil-press.az

Oxşar xəbərlər