Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib Mili Aviasiya Akademiyasının və ADA Universitetinin birgə təşkilatçılığı ilə 28 May-Respublika Gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını deyərək bu günün milli tariximizin ən önəmli səhifələrindən biri olduğunu bildirdi. Fariz İsmayılzadə Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyevin bu tarixi günlə bağlı sözlərini xatırlatdı. Qeyd etdi ki, Azərbaycanda yaradılan birinci müsəlman demokratik respublikası xalqımızın dünya miqyasında nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərdi. Müstəqilliyimiz əldə edilən illərdə Azərbaycan Xalq Cümhuriyyəti uğrunda mübarizə aparan insanların xidmətlərini xatırladan prorektor ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin misilsiz işlər gördüyünü vurğuladı. Bildirdi ki, Ümummilli Lider müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirib.
Sonra Azərbaycanın dövlət himni səsləndi.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev tədbirin keçirildiyi Milli Aviasiya Akademiyasının zalını təyyarəyə bənzətdi. “Bu təyyarə ADR-dir. Nömrəsi də 99”, - deyən Arif Paşayev 99 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu gün “bu təyyarə” Luiziananın caz ansamblını bu tədbirə gətirib.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev 99 il əvvəl yaradılan ilk demokratik respublikanın bu gün bizim fəxrimiz olduğunu, fərəh hissi ilə bu tarixi dünyaya bəyan etdiyimizi vurğuladı. Hafiz Paşayev ölkəmizin ABŞ-da səfiri vəzifəsində çalışdığı vaxtlarda Cümhuriyyətin yaradıcılarından biri olan Fətəli xan Xoyskinin qardaşı oğlu Ziyadxan Xoyski ilə Vaşinqtonda görüşdüyünü və onun “Azərbaycan yenidən müstəqillik əldə edib. Xahiş edirəm bunu bir də əldən verməyin” sözlərini xatırlatdı. Sovet dövründə Cümhuriyyətlə bağlı məlumatın az olduğunu diqqətə çatdıran ADA Universitetinin rektoru bu gün bizim müstəqil respublikamızın qədrini bildiyimizi söylədi. Prezident İlham Əliyevin bununla bağlı çıxışını qeyd edən Hafiz Paşayev dövlətimizin başçısının “Müstəqilliyimiz əbədidir və bunu bir daha itirməyəcəyik” sözlərini xüsusi vurğuladı.
Sonra səhnəyə Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri, tarixçi alim, ADA Universitetinin fəxri doktoru, tanınmış cazmen Frederik Star dəvət olundu.
Frederik Star Bakının hələ sovetlər dövründə caz mərkəzi kimi tanındığını bildirərək, paytaxtımızı böyük musiqi şəhəri adlandırdı.
Tədbirdə cazmen Cavan Zeynallının və Əməkdar Artist Lalə Məmmədovanın ifaları oldu.
Sonra səhnə ABŞ-ın Luiziana caz ansamblının ixtiyarına verildi. Ansamblı 1967-ci ildə Frederik Star təsis edib. 1980-ci illərdə Bakıya gələn Frederik Star Vaqif Mustafazadə ilə bir səhnəni bölüşüb.
Tədbirdə banjo alətində muğam ifa olundu.
Milli Aviasiya Akademiyasının və ADA Universitetinin tələbələrinin ifasında bu ali təhsil ocaqlarının himnləri səsləndi.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ABŞ-ın Luiziana caz ansamblının musiqiçiləri ilə görüşdü.

Hikmət Əliyev


Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib


Oxşar xəbərlər