“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilir

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilir İyulun 24-də Təhsil Nazirliyində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start veriləcək yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib.
Konfransda təhsil nazirinin müavini, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin, tələbələrin bilik və dünyagörüşünün artırılmasıdır. Nazir müavini layihənin bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, onlara informasiya texnologiyalarından istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək olduğunu vurğulayıb.
İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcək.
“Təhsil avtobusu - 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.
Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası,“ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
Layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV” və “Təhsil TV”-dir.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər