Növbəti yay məktəbi Gəncə və Şəki şəhərlərində təşkil olunub

Növbəti yay məktəbi Gəncə və Şəki şəhərlərində təşkil olunub İyulun 13-dən start verilən “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbinin növbəti mərhələsi Gəncə və Şəki şəhərlərində təşkil olunub.
Hər iki şəhərdə keçirilən yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin əməkdaşları, şəhər təhsil şöbələrinin, tərəfdaş qurumların nümayəndələri, KİV təmsilçiləri iştirak edib. Tədbirdə layihə haqqında məktəblilərə məlumat verilib, proqramın şagirdlər üçün əhəmiyyətindən danışılıb.
Layihədə sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 100-ə yaxın şagird iştirak edib. Şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" intellektual oyunlarına qatılıblar.
Şagirdlər təşkilatçılar tərəfindən hədiyyələr və sertifikatlarla təltif ediliblər.
Layihə Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilib.
Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TV və Region TV-dir.
“Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.
Bununla da paytaxt Bakıdan başlayaraq ölkəmizin digər 4 bölgəsində həyata keçirilən “Azərbaycan üçün öyrət” yay məktəbi layihəsi uğurla başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər