DTX beynəlxalq kibercinayətkarları ifşa etdi

DTX beynəlxalq kibercinayətkarları ifşa etdi Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlanıb. Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, fakt üzrə toplanılmış materiallar əsasında DTX-da Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa edilib.
Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycana ekstradisiya edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər