Fransa nümayəndə heyəti Bakı aeroportunda inşa olunan Hava Məkanının Optimizasiyası Mərkəzi ilə tanış olub

Fransa nümayəndə heyəti Bakı aeroportunda inşa olunan Hava Məkanının Optimizasiyası Mərkəzi ilə tanış olub Azərbaycanda səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun bəzi obyektləri ilə tanış olub.
Nümayəndə heyəti əvvəlcə Fransanın "Thales" şirkəti tərəfindən inşa olunan Hava Məkanının Optimizasiyası Mərkəzi - Azerbaijan Airspace Supervision & Efficiency Centre (ASEC) ilə tanış olub.
Layihə hava hərəkətinə xidmət (ATM) və hava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində "Eurocontrol" təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilir.
Qonaqlara məlumat verilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa olunan Hava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (CFMU) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.
Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq ölkəmiz bütün regionda hava axınının təşkili işində mühüm rol oynayır. Öz növbəsində, ICAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.
Daha sonra fransalı qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən müasir tipli ikinci hava hərəkətini idarəetmə (HHİ) qülləsi ilə tanış olublar. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuaya məlumat verilib ki, qülləni S rejimini dəstəkləyən RSM970S radiolokatoru ilə Fransanın “Thales” şirkəti təchiz edib. Hava hərəkətinin idarəsi sahəsində bütün müasir tələblərə cavab verən radiolokatorla uyğunlaşdırılan yeni HHİ qülləsinin Avropada analoqu yoxdur. Qüllə Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxınlaşma zonasında və aeroportun manevr zonalarında hava gəmilərinin daha səmərəli idarə olunmasını təmin etməyə imkan verir.
“Heydər Əliyev Beynəlxalq Aeroportu məndə çox gözəl təəssürat yaratdı. Müasir tərzdə tikilmiş aeroportla, hava hərəkətini idarəetmə qülləsi ilə ətraflı tanış olduqda gördük ki, bu hava limanı bütün müasir aviasiya və texnoloji tələblərə cavab verir. Bu da Azərbaycanın dünyaya açılmasına və digər ölkələrlə əlaqələrini genişləndirməyə imkan verməklə yanaşı, ölkənin üstünlüyü hesab olunur”, - deyə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömua Azərbaycan jurnalistlərinə bildirib.
Fransa nümayəndə heyətini Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev müşayiət ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər