ANALOQU OLMAYAN DƏLƏDUZLUQ

ANALOQU OLMAYAN DƏLƏDUZLUQ Yəqin ki, oxucularımıza məqaləmizə verdiyimiz bu ad maraqlı gələcək. Analoqsuz dələduzluq, fırıldaqçılıq, möhtəkirlik və sair bu kimi "saleh" əməlləri ilə "müqəddəs" adlar qazananların da kim olması onları maraqlandırmaya bilməyəcək. Bu cür titul sahibləri bəzən elə ixtiralar edirlər ki, dunyada kəşfləri ilə ad-san qazanan alimlərin yatanda belə yuxusuna da gələ bilməz. Necə ki, hansısa bir uğursuz ixtira cəhdindən sonra hər şeydən əli üzüldüyündə dövlət qurumlarının adından belə istifadə etməklə işlərinin "yağ kimi" getdiyini düşünür.
Bir qrup oxucularımızın redaksiyamıza müracətləri əsasında apardığımız araşdırmalar zamanı gördüklərimizə sözün düzü, ilk əvvəl inanmağımız belə gəlmədi. Həqiqətən də Təhsil Nazirliyinin adından saxta “facebook”, “instagram” səhifələrinin açıldığının şahidi olduq. 2016-cı ildə açılmış “Təhsil Nazirliyinin son xəbərləri” və 2017-ci ildə açılmış “Təhsil Nazirliyi xəbərdarlıq edir” “facebook” və “instagram” səhifələrini araşdırıb dəhşətə gəldik. Doğrudanmı bu hər iki səhifəni məhz Təhsil Narizliyinin rəsmi saytı hesab etmək olar? Əsla! Təbii ki, bu səhifəni qazanc məqsədi ilə açan fırıldaqçıların həmin səhifələrini Təhsil Nazirliyinin rəsmi saytı bilib sorğu almaq istəyənlərə utanmadan Nazirlik adından hətta cavab da yazaraq “məsləhətlər" verməsi diqqətimizi çəkdi. Müşahidə etdik ki, hətta həmin səhifələri ödənişli reklam edərək yüz minlərlə izləyici də cəlb edə bilmişlər. Ən əsası və ən təhlükəlisi də odur ki, bu fırıldaqçılar və işbazlar bu qədər izləyici toplamaqla məhz Təhsil Nazirliyinin fəaliyyətinə, işgüzar nüfuzuna kölgə salmaqdan belə çəkinməmişlər. Eyni zamanda insanlar arasında şaşqınlıq yaradır, onların sadəlöhvlüyündən, inamından istifadə edib, sözün əsl mənasında onları aldadırlar. Redaksiya olaraq bu məsələni araşdırmaq qərarına gəldik. Araşdırmamızda əldə etdiyimiz nəticələr bizi bu səhifələrin müəllifinin məhz “İnnovasiya İnstitutu” QHT sədri kimi tanınan Mehtiyev Fərhad Hidayət oğlunun olması ehtimalının üzərində dayanmağa vadar etdi. Hansı ki, həmin şəxs hazırda “Xəbərinfo”, “Milli.az”, “Arqument.az”, “Media TV” və başqa bu kimi saytlarda da məhz təhsil fırıldaqçısı, təhsil dələduzu kimi təqdim olunur. Onun Rusiyanın “Sinergiya”, “Müasir Humanitar Akademiya” (SQA) və İsveçrənin "Montre" universitetlərində gənclərə təhsil vermək adı altında maxinasiyalarla məşğul olduğu barədə çox yazılara rast gəlmişik. Hətta həmin yazılarda onun saxta elmi adlar almasından, çoxlu sayda QHT-lər yaradaraq həmin təşkilatlar vasitəsilə süni olaraq “İnnovasiya İnstitutu”, “Avrasiya İnnovasiya İnstitutu” kimi adlar verdiyi qurumların ali təhsil müəssisələri olması barədə ictimaiyyətə yanlış fikirlər sırıması da həmin yazılarda qeyd olunur. Həmçinin, onun İngiltərənin ofşor adalarında şirkətlər yaradaraq (İnnovation Technobgies in Education LLP və başqa) təhsil haqqı adı ilə Azərbaycan vətəndaşlarından qopardığı pulları bu şirkətlərin Riqa şəhər bankı (Baltikums Bank) vasitəsilə Yunanıstanın Kipr adalarındakı ofşor hesablara köçürdüyü də bəlli olur. Bundan başqa, Fərhad Mehtiyevin ermənilərlə işbirliyi də üzə çıxıb. Onun təmsil etdiyi Rusiyanın Müasir Humanitar Akademiyası Dağlıq Qarabağda da öz filialını açmış və oranı öz saytında Ermənistanın ərazisi kimi göstərmişdi. Fərhad Mehtiyevin rəvac verdiyi korrupsiya hüquqpozmaları, qanunsuz sahibkarlıqla məğul olma və vergidən yayınma hallarına görə şikayətlər əsasında ayrı-ayrı vaxtlarda Vergilər Nazirliyi və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi onun rəhbərlik etdiyi "Akademiyanın" Azərbaycan filialında (Bakı İnnovasiya Mərkəzi) yoxlamalar aparılıb. Lakin Fərhat Mehdiyev hansı yollasa məsuliyyətdən yüngül cəzalarla yaxasını qurtara bilib.
Fərhat Mehdiyevin alimlik karyerası da qaranlıq məqamlarla doludur. Göstərir ki, guya ABŞ-ın York Universitetində müdafiə edib, elmi dərəcə alıb. Ancaq araşdırmalar bu universitetin Amerikaya aid olmadığını, ruslar tərəfindən ictimai əsaslarla yaradıldığını və yalnız virtual olaraq mövcud olduğunu göstərir. Bildirilir ki, adam uşaq bağçasını və orta məktəbi də rus sektorunda oxuyub, ilk illər heç bir ali məktəbə daxil ola bilmədiyi üçün hərbi xidmətə göndərilib. Moskva komsomol məktəbində oxuyub, axşamlar restoranda ofisiant işləyib, bazar ünlərində isə "şmotka" alveri ilə məşğul olub. Onun elmi mühitə qısa yolla necə gəldiyi də müəmmalıdır, şəffaflıqdan uzaqdır.
Biz bu saxta profillərlə və saxta adlarla eyni zamanda dövlət qurumlarının adından qeyri-rəsmi istifadə edərək müxtəlif rollarla, dələduzluqla insanları aldadıb, onların etimadından sui-istifadə edənlərlə təbii ki, barışmaz olacağıq və bu araşdırmamızı davam etdirəcəyik. İnanırıq ki, dövlətimizin aidiyyatı qurumları - TN, RİTNN və eyni zamanda hüquq - mühafizə orqanları bu məsələlərə öz münasibətini bildirəcəklər. Dələduzluq və fırıldaqçıları öz beşiyindəcə boğacaqlar ki, insanlarımız onların yalanlarının girovuna çevrilməsinlər. İnternet resurslarında Fərhat Mehtiyev tərəfindən aldadılan, sonra da Türkiyəyə qaçıb orada təhsillərini davam etdirmiş gənclərimizin gileyli yazılarına rast gəlmək mümkündür. Onlar Azərbaycandakı həmyaşıdlarına xəbərdarlıqlar ünvanlamış, Fərhadın toruna düşməməyə çağırmışlar. Yada salmışlar ki, Anadolu Universitetinin də Azərbaycandakı ilk tərəfdaş qurumu 2009-cu ildən Avrasiya İnnovasiya İnstitutu adlı QHT olmuşdur. Lakin 2014-cü ildə ictimaiyyətə bəlli olmayan səbəbdən (çox güman ki, bu tip əməllərinə görə) universitet bu işi Fərhad Mehtiyevdən almışdır. KİV yazır ki, bu uğursuzluğundan sonra Fərhat Mehtiyev Azərbaycan - Türkiyə təhsil münasibətlərinə xələl gətirməyə yönəlik qaragüruh kampaniyasına başlamışdır. Yeri gəlmişkən, yuxarıda adını çəkdiyimiz "Təhsil Nazirliyi xəbərdarlıq edir" “facebook” səhifəsi də məhz həmin davam etməkdə olan kampaniyaya dəstək verir, Türkiyə Universitetləri və Türkiyənin Anadolu Dövlət Universitetinin fəaliyyətinə kölgə salmağa yönəlik təbliğat aparır. Hərçənd, əlbəttə ki, heç də hər şəbəkə istifadəçisi bu səhifələrin admininin sözlərinə inanmır, məsləhətlərinə əhəmiyyət vermir. Məsələn, Dəyanət Səfərov adlı “facebook” istifadəçisi "Təhsil Nazirliyinin ən son xəbərləri" səhifəsinin "faydalı" məsləhətlərinə belə bir şərh yazıb: "Hər il bu hoqqanı çıxarırsınız, biz tələbələr sizin bu yalan şayələrinizə artıq öyrəşmişik. Az güldürün özünüzü bizlərə. Saxta səhifə açıb saxta sənədlər az paylaşın".
Məlum olduğu kimi, bu ilin iyul ayında Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov “Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələrin edilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 9.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub. İdarə artıq təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirəcək. İnanırıq ki, TN-nin adını çəkdiyimiz idarəsi Fərhat Mehtiyevin qondarma ali məktəblərinin diplomlarını tanımır. Çünki Mehdiyevi özünə tərəfdaş seçən xarici universitetlərin bəzisinin lisenziyası yoxdur, bəzisinin heç Azərbaycanda filialı da mövcud deyil. Bununla bağlı redaksiyadan İdarəyə və digər aidiyyatı qurumlara sorğu göndərmək qərarına gəlmişik.

“Təhsil-press.az”
İnformasiya Agentliyi

Oxşar xəbərlər