Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edib

Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
Rektor, professor Cəfər Cəfərov tədbir iştirakçılarını bu mühüm və əlamətdar tarixi gün münasibətlə təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edilib ki, müstəqillik xalqların həyatında böyük rol oynayan amildir. Azərbaycanın üç minillik dövlətçilik tarixi var. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib.
Vurğulanıb ki, məhz xalqımızın böyük oğlu, müdrik və mahir siyasətçi Heydər Əliyev öz zəngin təcrübəsi, yenilməz iradəsi hesabına Azərbaycanda möhkəm və dönməz daxili ictimai-siyasi sabitliyi təmin etdi. Dahi rəhbərimiz Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, ölkəmizin beynəlxalq aləmə çıxışını təmin etdi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması prosesi başlandı. Qüdrətli siyasi xadim Heydər Əliyevin elmi əsaslara söykənən islahatlar strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyatımızın bütün sahələrinin dinamik inkişafını təmin edib.
Tədbirdə, həmçinin ADPU-da aparılan islahatlar və təmir-tikinti işləri də diqqətə çatdırılıb.
Sonra “Əbədi azadlığa gedən yolda” və “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzularında məruzələr dinlənilib.

ADPU-nun Mətbuat xidməti


Oxşar xəbərlər