Ölümə qalib gələcək elm

Ölümə qalib gələcək elm İnsan şəxsiyyətinin süni intellekt daşıyıcısına köçürülməsinə az qalıb
Son yarım əsrdə elm elə böyük inkişaf yolu qət edib ki, sanki yaxın illərdə müalicə olunmayacaq xəstəlik, çözülməyəcək sirr qalmayacaq. Alimlərin hesablamalarına görə, təqribən 2050-ci ilə elm ölümə qalib gələcək. Bu o demək deyil ki, insan ölməyəcək. Təbii fəlakətlər, fövqəladə hallar, qəzalar, sui-qəsdlər, özünəqəsdlər, müharibələr nəticəsində insanların sayı azalacaq. Ancaq xəstəlikdən ölmə halları olmayacaq, çünki elm bütün bəlalardan xilas yolunu tapmağa müvəffəq olacaq.
Elmin yeni istiqamətləri həyatımızı köklü şəkildə dəyişir. İndiyədək ölümsüzlük barədə danışmaq insanın ağlına belə gəlməzdi. Düzdür, bu problem minillər boyu əfsanələrin, nağılların, hətta ciddi elmi əsərlərin mövzusu, tarixi hökmdarların son məqsədi olub. Makedoniyalı İsgəndərin daimi həyat həbini axtardığını unutmuşuq? Bu gün isə Qərb elmi dairələrində ölümün elm qarşısında nə vaxtsa aciz qalacağı ətrafında aparılan diskussiyalar bir növ adi hala çevrilib.
İnsan beyni iqtisadi qərarı necə qəbul edir? Robotlarla canlı orqanizmləri “cütləşdirmək” nəyə lazımdır? Alkoqol qəbul edən insanın orqanizmindəki hüceyrələr necə səs çıxarırlar? Bu və digər suallara meydana gəlmiş yeni elmi istiqamətlər cavab axtarır və tapır. Qəzetimizin ötən sayında onlardan bir neçəsi barədə məlumat vermişdik. Davam edirik.
1. Bionika.
Bu elm sahəsi əsas etibarilə təbii, bioloji prosesləri, orqanizmlərin fiziologiyası, onların davranışlarını öyrənir. Alimlər üçün bütün kəşf və ixtiraların, yeniliklərin mənbəyi məhz təbiətdir. Bionikanın şüarı budur: “Canlı prototiplər yeni texnologiyaların açarıdır”. İlk dəfə bu termin 1960-cı ildə ABŞ HHQ-nin konqresində mayor Cek Stili tərəfindən işlədilib. Bu gün isə bionika tibbin aparıcı amilinə çevrilib: alimlər bioloji və süni materialları bir araya gətirərək onları işlək orqanlara çevirirlər. Bir müddət əvvəl alimlər bionik göz ixtira etməyə müvəffəq olublar. Bu göz kor insanların yenidən görmələrinə köməklik edəcək. Bionik gözü bir neçə pasiyent üzərində sınaqdan keçiriblər və bu insanlar onilliklərdən sonra işığı və insan siluetini görməyə başlayıblar.
Bionika biotibbin başqa bir sahəsi - regenerativ tibbin də inkişafına təkan olub. Bu elm sahəsi hüceyrə və orqanların fəaliyyətinin bərpasını öyrənir. Bioprintinq bu sahənin ən maraqlı istiqamətlərindən biridir. Hazırda alimlər orqanların adi printerdə “çapı”na nail olmağa çalışırlar. İnanılmaz və ağlasığmazdır, elə deyilmi? Səslənməsi belə məntiqə sığmır. Ancaq prosesin necə getdiyini əks etdirən videolar var.
2. Nutrigenomika və nutrigenetika.
Nutrigenomika ərzaq məhsullarının bizim orqanizmlə münasibətlərini öyrənir. Nutrigenetika isə metabolizm və qidanın həzmini araşdırır. Söhbət nədən gedir? Hər bir insan fərdi genlər toplusuna malikdir. Kiminsə saçı kürəndir, kimininki də qara. Müqayisə DNK-da olan cüzi fərqlərlə müəyyən edilir. Bu fərqləri polimorfizm öyrənir. Polimorfizmə görə, hər bir orqanizm qidanı özünəməxsus şəkildə qəbul və həzm edir. Bir orqanizm yağlı qidanı normal qəbul edir və sevir, digəri isə əksinə.
Nutrigenetika boş yerdən yaranmayıb. İnsan nə vaxt ki, dietanın nə olduğunu bilib, bu andan sözügedən istiqamətin inkişafı üçün şərait formalaşıb. Məhz buna görə də müasir klinikalarda pasiyentə fərdi dieta tətbiq edərkən ilk atılan addım onun genlərini öyrənməkdir.
3. Memetika.
Hər birimiz həyata gələn andan etibarən fərdi genlərə və memlərə malikik. Gen nədir, hamımız bilirik. Memlər isə bizdə olan mədəni kodların bir növ anbarıdır. Kompüterlərdə çip olduğu kimi, bizdə də həmin memlər var. “Memetika” terminini də “genetika”ya təsadüfən oxşatmayıblar. Əgər genetika bioloji informasiyanın ötürülməsini öyrənirsə, memetika kulturoloji məlumatların ötürücüsü kimi çıxış edir. “Mem” sözü ilk dəfə mədəniyyətin ayrı-ayrı elementlərinin yığılması və yayılması prosesini ifadə etmək üçün istifadə olunub. İlk dəfə bu termini məşhur britaniyalı alim-etoloq, elmin populyarlaşdırıcısı Riçard Dokinz istifadə edib. O, memlərin yaranması və insanların onların yayılmasına münasibətini öyrənib.
Memetika rekombinant memetikanın meydana gəlməsinə səbəb olub. Bu istiqamət həmin o memlərin, yəni kulturoloji məlumatların bir-birilə münasibətləri, birləşmələrini öyrənir. Alimlərə görə, bu yenilik “sosial-terapevtik” məqsədlərdə istifadə oluna bilər. Söhbət əsas etibarilə radikal və ekstremist dini cərəyanların yayılması ilə mübarizədən gedir.
4. Neyroiqtisadiyyat.
Beynin necə qərar qəbul etməsi prosesini öyrənir. Söhbət əsasən iqtisadi xarakterli qərarlardan gedir. İstehsalçıların istehlakçıların cibləri uğrunda mübarizəsi getdikcə daha sərt xarakter alır. Ona görə də indi hər hansı məhsul istehsal olunarkən prosesə tək psixoloqlar deyil, həm də neyrofizioloqlar cəlb olunur. Sonuncular potensial alıcının beyin aktivliyinin göstəricilərini müəyyən edir və öyrənirlər. İnsan nə deyir desin, əsas rolu şüuraltı baş verən proseslər oynayır!
Neyroiqtisadi araşdırmalar göstərir ki, insan beynində özünənəzarət, rasional qərarların qəbul edilməsinə cavabdeh zona var. Kim ki özünün iqtisadi qərar və hərəkətlərinə nəzarət edə bilir, onun beynində həmin sözügedən zona yaxşı inkişaf edib. Ancaq bu, heç də hamıda belə deyil. Elə klinik xəstələr var ki, əllərinə düşən pulu bir saatın içində xərcləyirlər. Və bundan da əziyyət çəkirlər. Alimlər ümid edirlər ki, nə vaxtsa kəşf edəcəkləri dərman insan beyninin risklərə cavabdeh sahəsinin kimyasına təsir etmək gücündə olacaq.
5. Sonositologiya.
Sən demə, insan bədənindəki hüceyrələr səs çıxarırmışlar! Özü də vəziyyətdən asılı olaraq. Hüceyrə ölərkən səsi küt olur. Alkoqol qəbul edən insanın hüceyrələri isə əksinə “qışqırırmışlar”. Radionun dalğalarını dəyişəndə səslənən “xışıltı”nı hamımız eşitmişik. Alimlər deyir ki, hüceyrələr də təqribən belə səslər çıxarırlar.
Hüceyrələri “dinləmək” qərarına ilk dəfə Kaliforniya Universitetinin əməkdaşı Ceyms Cimşevzski gəlib. Tədqiqatçıların fikrincə, bu yenilik yaxın gələcəkdə diaqnostika prosesinə fərqli yanaşmanın meydana gəlməsinə şərait yaradacaq. Belə ki, hüceyrələrin səsini dinləməklə həkimlər xərçəngin ilkin mərhələsini görə və müvafiq önləyici addımlar ata biləcəklər. Alimlər hətta insanın müxtəlif yaş dövrlərində fərqli orqanlarının hüceyrələrinin səs kataloqunu hazırlamaq istəyirlər.
6. Settlerika.
Bu elm sahəsi bilirsiniz nəyi öyrənir? İnsan psixikasını ölmüş beyindən necə çıxarıb ölməz süni neyrokompüter beynə yerləşdirməyi. Hesab olunur ki, bu, əbədi insanın yaradılması istiqamətində son addımdır. Settlerikanın qarşısında iki məqsəd durur:
- İnformasiyanı beyindən necə çıxarmaq;
- İnformasiyanı süni daşıyıcıya necə yükləmək.
İndiyədək bir neçə təklif irəli sürülüb. Məsələn, insan beyninin müxtəlif hissələrinə çiplərin yerləşdirilməsi. Yaxud sinir hüceyrələrinin regenerasiyası və neyroimplantlar vasitəsilə əzələlərin idarəedilməsi. Son arzu isə budur: insan şəxsiyyətini qocalmış orqanizmdən cavan bioklona köçürmək. Yəni elə etmək ki, kompüterə köçürülmüş insan virtual aləmdə daima yaşaya bilsin.

Rüstəm QARAXANLI


Oxşar xəbərlər