“Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır” - İlham Əliyev

“Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır” - İlham Əliyev “Azərbaycanda bütün əsas azadlıqlar, o cümlədən mətbuat azadlığı tam təmin olunur”.
Bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.
Dövlət başçısı qeyd edib: “Düşünürəm ki, bununla bağlı tənqidin heç bir əsası yoxdur, çünki diqqət yetirsəniz, Azərbaycanda bütün əsas azadlıqlar, o cümlədən mətbuat azadlığı tam təmin olunur və Azərbaycan əhalisinin 80 faizi internetdən istifadə edir”.
İlham Əliyev əlavə edib ki, heç bir senzura olmadan internetdən istifadə sərbəstdirsə və əhalinin böyük əksəriyyəti internetdən istifadə edirsə, mətbuatın məhdudlaşdırılmasından söhbət gedə bilməz: “Hesab edirəm ki, bu, siyasi səbəblərə əsaslanır. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Yenə təkrar edirəm, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur və bizim hökumət bütün əraziləri genişzolaqlı internetlə təmin etmək üçün mühüm layihə həyata keçirir. Ona görə də bu münasibət qərəzli və bəzən də düşməncəsinə yanaşmaya əsaslanır. Bu münasibət Qərbdə bəzi siyasi mərkəzlər tərəfindən formalaşdırılır. Mən bu barədə tam dəqiqliklə danışmaq istəməzdim.
Düşünürəm ki, bunun haradan qaynaqlandığı aydındır. Niyə belə münasibət var? Səbəb çox sadədir. Çünki Azərbaycan müstəqil, öz milli maraqlarına uyğun siyasət yürüdən bir ölkədir. Biz riskli və ölkəmiz üçün çətinliklər yarada biləcək heç bir avantüraya qoşulmuruq. Əvvəl dediyim kimi, bizdə daxili risklər yoxdur, Azərbaycanda sabit siyasi və iqtisadi mühit mövcuddur. Bizim qarşılaşa biləcəyimiz bütün potensial risklər kənardan gəlir”.
Prezident bildirib ki, Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyaya sürükləmək üçün çox cəhdlər olub: "Biz həmişə çox neytral olmuşuq, heç kimin əleyhinə fəaliyyət göstərmirik. Biz risk daşıyan və milli maraqlarımıza cavab verməyən heç bir kampaniyaya qoşulmuruq. Buna görə də hücumların əsas səbəbi o ola bilər ki, bəziləri o qədər də böyük olmayan Azərbaycanı çox müstəqil hesab edir və bəzi QHT-lərin bu cür qiymətləndirməsi bizim reputasiyamıza xələl gətirmək, Azərbaycanı guya qeyri-demokratik ölkə kimi təqdim etmək məqsədi daşıyır.
Bir daha deyirəm, bu gün biz siyasi və iqtisadi inkişafdan danışırıq. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında 35-ci yerdə qərarlaşan bir ölkə üçün bu yaxşı göstəricidir. Bu, Azərbaycanın azad olduğunu göstərir. Davos, həmçinin siyasətçilərə ictimai etimad göstəricilərini açıqladı və Azərbaycan 20-ci sırada qərarlaşdı və inklüziv inkişaf göstəricisində Azərbaycan 3-cü yerdə qərarlaşıb. Biz real vəziyyətə baxmalıyıq”.

Tehsil-press.az

Oxşar xəbərlər