Prezident İlham Əliyev Ekvador və Çilinin yeni səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB)

Prezident İlham Əliyev Ekvador və Çilinin yeni səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB) Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvadorun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.
Səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçdi.
German Alexandro Orteqa Almeyda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.
Dövlətimizin başçısı, həmçinin Çilinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.
Səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayaraq bununla bağlı Azərbaycan ilə Çilinin bir-biri haqqında daha çox məlumata malik olmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimizin biznes icmaları arasında əməkdaşlıq, rəsmi səviyyədə qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, mədəni tədbirlər, müxtəlif təqdimatlar və sərgilərin təşkil olunması, xalqlar arasında münasibətlər yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edə bilər. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar, öz növbəsində, iqtisadi əlaqələrin qurulması işinə təkan verər. Bu işdə ticarət və investisiya imkanlarının müəyyənləndirilməsi də mühüm rol oynaya bilər.
Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Çili Respublikasının Prezidenti Sebastian Pinyeranın tapşırığı əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

Tehsil-press.az

Oxşar xəbərlər