“Biz İrəvana qayıtmalıyıq” - İlham Əliyev

“Biz İrəvana qayıtmalıyıq” - İlham Əliyev “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”.
Bunu president İlham Əliyev YAP-ın bu gün keçirilən qurultayında deyib. O, bildirib ki, bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq: “O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi.
Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur.
Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik.
Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq”.
Prezident çıxışında iqtisadi vəziyyətdən də danışıb: “İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır”.

Tehsil-press.az

Oxşar xəbərlər