“Biz rusların zabit şərəfi ləkələndi!” - Polkovnik Savelyev

“Biz rusların zabit şərəfi ləkələndi!” - Polkovnik Savelyev Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olub.
“Xalq qəzeti”nin yazdığına görə, Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə «Məxfi arayış»ını təqdim edib. O, son arayışlarını «zabit Puqaçov» imzası ilə göndərib.
Həmin arayış və erməni mənbələrinin etirafları Xocalı soyqırımının bir sıra gizlinlərinə dünya miqyasında aydınlıq gətirib. Polkovnik erməni terror təşkilatları ilə sovet ordusundan qalma qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, «agentura» yolu ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verərək etiraf edib. O yazıb:
«Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi! Mən Bakıdakı hadisələri də izləyirdim. Hiss olunurdu ki, Prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşıdurmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş ali baş komandandır.
Azərbaycan hərbi əks-kəşfiyyatına gəlincə belə bir qurum iflic olub. Aldığımız məlumata görə, bu qurumun əməkdaşları əsas məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi. Azərbaycan ordusunun Baş Qərargahında da hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun birləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı. Zabitlər başlarını itirmişdilər.

“Biz rusların zabit şərəfi ləkələndi!” - Polkovnik Savelyev

Məlumat aldıq ki, Azərbaycanda Prezident Aparatında və güc nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər bir-birini tamamlamırdı. Hamı siyasi məqsədləri üçün «Müharibə kartından» yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi Azərbaycanın ali baş komandanının, bir qismi də müxalifətin və nəyə xidmət etdiklərini anlamayan savadsız və küt generalların yanını kəsdirmişdilər».
Fransada çıxan «Frans katolikekklezia» aylıq jurnalında (1992- ci il,12 mart) «Hücumdan öncə» yazısını çap etdirən erməni jurnalisti Berain Siracyan isə yazmışdı: «Xocalını gözlərimlə gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan artsaxlıların igidlikləri məni valeh etdi. Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyildim. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tənha qala bilərik.
1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış «ASALA» erməni terrorçu təşkilatının bir qrup üzvü – 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdilər. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün «hədiyyə» etmişdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri, general mayor Boris Budeykin polkovnik Zarviqarovu buna görə ittiham da edib. Dördüncü ordu komandanlığı qarşısında onun «zabit şərəfinə xəyanəti» üstündə azad olunmasını, qovulmasını tələb edib. Lakin bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi”.
Polkovnik V.Savelyev tarixi arayışında daha sonra yazıb: «Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı».

“Biz rusların zabit şərəfi ləkələndi!” - Polkovnik Savelyev

Polkovnik 1992-ci ilin aprel ayının 12-də Müdafiə Nazirliyinə göndərdiyi məktubunda isə bildirib: «Öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənədlərdən 46-sını nömrələyib Azərbaycanın MN-nə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən Tbilisidə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır».
Türkiyə erməni diasporunun «Jamanak» qəzeti 1992-ci ilin fevral hadisələrini, qanlı qırğını şərh edərək yazıb: «Biz vəcdə gəldik. Ermənilərə öz dədə-baba torpaqları uğrunda vuruşmaq üçün güc və qüvvət verilmişdi. Bu işdə Allahın razılığını görürdük. Və vuruşurduq. Azərbaycanlılar isə bizim qədər torpaq istəyə bilmədi. Məhəbbət və Vətən sevgisi olduğu üçün biz qalib gəldik. Bakıdan da xəbərdarıq. Orada torpaq uğrunda yox, sülalə və vəzifə, səltənət və şöhrət uğrunda daha çox güc sərf olunur. Çünki Bakıda da bilirdilər ki, bu torpaqlar bizimdir, bizim dədə-babalarındır. Bu barədə rus zabiti Vladimir Savelyev adlı birisi meydanda atılan topların yanında bizdən sorğu etdi. O, bizim müxbirdən tələb edirdi ki, bu yerlərdən çıxıb getsin».

“Biz rusların zabit şərəfi ləkələndi!” - Polkovnik Savelyev

V.Savelyev daha sonra yazıb: «Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm. Bu necə Vətəndir? Bu necə ordudur? Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular. Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram.»
«Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. «Böyük Ermənistan» adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir».
V.Savelyevin «Məxfi arayışı» haqsızlıqlarla barışmayan bir zabitin acı etirafıdır. Bu arayış ermənilərin və onların havadarlarının Xocalıda planlı, düşünülmüş hərbi cinayətlər-azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törətdiklərini təkzibolunmaz faktlarla bir daha təsdiqləyir.

Tehsil-press.az

Oxşar xəbərlər