ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib

ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib Mayın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin professor-müəllim heyətinin görüşü keçirilib. Görüş Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu tərəfindən təqdim olunan “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki işin müzakirəsinə həsr olunub.

Müəllifləri akademik Vaqif Fərzəliyev, professor Həqiqət Cavadova, professor Əfsun Sucayev, l.ü.f.d. Vasif Abbasov və k.ü.f.d. Səxavət Rüstəmov olan kompleks elmi-texniki iş ADNSU-nun professor-müəllim heyəti tərəfindən maraqla qarışlanıb. Tədbirdə çıxş edən Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev ADNSU ilə rəhbərlik etdiyi institutut arasındakı əməkdaşlıq əlaqələrinin sıx olduğunu xatırladaraq Aşqarlar Kimyası İnstitutunun fəaliyyət istiqamətləri, elmi nəticələri, beynəlxalq əlaqələri haqqında iştirakçılara məlumat verib. Sonra kompleks elmi-texniki iş haqqında təqdimatla çıxış edən akademik bildirib ki, elmi iş ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və strateji materiallar üzrə xarici ölkələrdən asılılığın azaldılması məqsədilə hərbi texnika üçün yüksək keyfiyyətli, rəqabətə davamlı xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkilinə həsr olunub. Diqqətə çatdırılıb ki, “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan bütün markalı tankların dizel mühərriklərində istifadə olunan sürtkü yağlarına olan tələbatın ödənilməsini, ölkəmizin strateji material olan xüsusi təyinatlı sürtkü yağları sahəsində xarici ölkələrdən asılılığın azaldılmasını və yaradılmış yağların bəzi xarici ölkələrə ixracını nəzərdə tutur.

Təqdimatda məhsulun keyfiyyət və üstünlükləri, tərkibi və emal olunma prosesi haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qonaqları universitetdə salamlayan ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova elmi-texniki işin əhəmiyyətini qeyd edib, ətraflı və aydın təqdimata görə müəlliflərə təşəkkürünü bildirib.

Tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldıqdan sonra iştirakçların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər