GÜNDƏMİN TRENDİ-ndə Laçının işğalının səbəbləri açıqlandı

GÜNDƏMİN TRENDİ-ndə Laçının işğalının səbəbləri açıqlandı - Necə oldu ki, Laçını müdafiə edə bilmədik?
- Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Bu düzdürmü?
- Belə bir fikir də səslənir ki, Laçın rayonu Azərbaycanın müstəqilliyi uğrunda savaşan qüvvələrlə müstəqilliyin əleyhinə olan qüvvələr arasındakı mübarizənin nəticəsində işğal olundu...
- Xəyanət oldumu?
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Laçının müdafiəsi zamanı döyüşmüş, Qarabağ müharibəsi veteranı İLQAR İLYASOVLA bu və ya digər məsələlərə aydınlıq gətirib.

SİTATLAR:

İlqar İlyasovun sözlərinə görə, Laçını işğal etmək üçün başqa ölkələrdən və Ermənistandan muzdlular döyüşürdü: "Bunlara "saqqallılar" deyirdik. Onlar mülki şəxslərə hücum edirdilər, kənd əhalisini öldürürdülər, əhalini qorxutmaq üçün uşaq oğurluğuna qədər çirkin prosesləri həyata keçirirdilər. İnsanlar Laçını ov tüfəngləri ilə qoruyurdular. 1988-1992-ci illərdə Laçının bir qarış torpağı belə alınmamışdı".
İ.İlyasov bildirib ki, Laçınla Qubadlı arasında yerləşən Qayğı qəsəbəsində Sovet ordusunun alayı yerləşdirilmişdi: "Guya bu alayın məqsədi sülhməramlı ordu kimi ermənilərlə azərbaycanlılar arasında qırğının qarşısını almaq idi. Əslində isə Sovet ordusu erməniləri müdafiə edirdi, ermənilərin işlərinə yardım etmək üçün həmin əraziyə yerləşdirilmişdi. Bu ordu azərbaycanlıların silahlanmasına imkan vermirdi. Laçınlılar gündüz ov tüfənglərini gizlədirdilər. Axşam isə kəndləri müdafiə edirdilər. Rus alayının bir tağımı bir həftə Azərbaycan, digər tağımı isə erməni kəndində yerləşdirilirdi. Bir həftədən sonra isə yerləri dəyişdirilirdi. Atışmalar zamanı hər iki tərəfdən ölən və yaralanan olurdu, Sovet ordusundan isə bir nəfər belə yaralanmırdı.

GÜNDƏMİN TRENDİ-ndə Laçının işğalının səbəbləri açıqlandı

Erməni xislətinin arxasında dayanan rus şovinizminin böyük bir qüvvəsinin nəticəsi idi ki, Laçını qoruya bilmədik. Laçında könüllü dəstələr mərdliklə döyüşdülər, lakin silahları çatışmırdı. Bundan başqa, intizam qaydaları da yox idi, təxribatçı qüvvələr vardı. O dövrdə ölkədə gedən siyasi proseslərdə iştirak edən qüvvələr öz siyasi məqsədləri üçün döyüş bölgəsindən də istifadə edirdi.
Həmin dövrdə intizamlı ordu yox idi. Ordunun yuxarı hissəsində səriştəli insanlar kifayət qədər deyildi. Müdafiə Nazirliyi, onun rəhbərliyi siyasiləşmişdi, torpaqları qoruya bilmirdi. Paytaxtda gedən siyasi proseslər siyasiləşmiş hərbçilərin işinə mane olurdu. Əsgər kimin əmrini yerinə yetirdiyini bilmirdi. Belə bir vəziyyətdə pərakəndəlik yarandı. Bəzi təxribatçı qüvvələr Laçından hərbi dəstələrini geri çəkdilər. Ancaq Laçının könüllü batalyonu sonacan döyüşdü. İtkilərimiz oldu. Bəzən deyirlər, guya Laçını döyüşsüz tərk etdilər. Əgər elədirsə, 300-dən artıq şəhid haradan verildi? Sadəcə siyasi hakimiyyət uğrunda gedən mübarizə Laçının müdafiə qüdrətini azaltdı. AXCP və Müsavat hakimiyyəti bölə bilmirdilər. Çox səhv qərar oldu ki, hərbi sahədən başı çıxmayan Rəhim Qazıyevi müdafiə naziri təyin etdilər. Pafoslu çıxışla əhalini sakitləşdirirdi, digər tərəfdən, siyasi oyunların qurbanına çevrilmək Azərbaycanın böyük bir ərazisinin itirilməsinə səbəb oldu".


Tehsil-press.az

Oxşar xəbərlər