Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Moskva şəhərində Xocalı soyqırımı qurbanlarının anım gecəsi keçirilib.
Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirdə diplomatik korpusun, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin səfirliyindəki büstü önünə və Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə stendinə gül dəstələri qoyublar.
Polad Bülbüloğlu çıxış edərək bildirib ki, bu tədbir əvvəlkilərdən fərqlənir, çünki bu gün Xocalı və ümumiyyətlə, Azərbaycanın digər əraziləri işğalçılardan tamamilə azad edilib. Bu il ilk dəfə olaraq bütün ölkə, xüsusən də işğaldan azad edilmiş Xocalı 26 fevral hadisələrini tamamilə fərqli, xüsusi duyğular içində və alnıaçıq xatırlayır. “Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Xocalıda olub, soyqırımı qurbanlarının qohumları və bu dəhşətli faciədən sağ çıxanlarla görüşüb”, - deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri düşmən qoşunlarından təmizlənib, oktyabrın 15-də orada ölkəmizin Dövlət bayrağı qaldırılıb.
“Ən yaxın vaxtlarda Xocalı sakinləri öz doğma ocaqlarına qayıdacaqlar. Halbuki vaxtilə oradan onlara tuşlanmış avtomatların və pulemyotların süngüləri altında vəhşicəsinə və zorla qovulublar”, - deyə P.Bülbüloğlu qeyd edib.
Səfir Xocalıda dinc sakinlərin öldürülməsinin Ermənistanda dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsi olduğunu xüsusi vurğulayıb: “Bütün bunlar Ermənistanın o vaxtkı siyasi rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən monoetnik məkanın və ərazi genişlənməsinin yaradılmasına xidmət edib. Cinayətkarların əksəriyyəti separatçı rejimin keçmiş rəhbərləridir və onlar yalnız Xocalı şəhərində deyil, Azərbaycan xalqına qarşı törədilən digər dəhşətli cinayətlərdə də bilavasitə iştirak ediblər və artıq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar”.
“Vurğulamaq istəyirəm ki, bu qanlı cinayətə yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı faciəsi ilə bağlı həqiqətlərin çatdırılmasında və dünya səviyyəsində tanınmasında böyük rol oynayıb”, - deyən səfir, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi mina terroru mövzusuna da toxunub. Bildirib ki, bu, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının qarşısını alır.
P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması məsələsinə sadiq qalaraq, beynəlxalq öhdəliklərə əməl edir və Ermənistanın tərəfinin ərazi iddialarından imtina etməsində israrlıdır: “Bu gün bölgənin dinc inkişafından başqa bir alternativ yoxdur”.
Anım tədbiri klassik musiqi konserti ilə davam etdirilib. AMOR fəalı Günel Vəliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər oxuyub.

Tehsil-press.az


Oxşar xəbərlər