31 mart - Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstanda qeyd olunub

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstanda qeyd olunub Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak edib.
Mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova 28 may tarixində Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illik yubileyini qeyd edəcəyimiz 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar bir il olduğunu qeyd edib, bir əsr əvvəl ölkəmizdə Şərqdə ilk parlament demokratiyasının yaradıldığını bildirib. AXC-nin yalnız iki il ömür sürməsinə baxmayaraq, hələ Qərb demokratiyalarından öncə irq, cins, etnik mənsubiyyət və dini inancından asılı olmayaraq bütün insanlara səs vermək hüququ, eləcə də qadınlara kişilərlə bərabər siyasi hüquqlar verdiyini diqqətə çatdıran N.Qurbanova bununla belə Azərbaycanın müstəqillik yolunun və AXC-nin mövcudluğunun asan başa gəlmədiyini qeyd edib. Səfir əlavə edib ki, bu gənc demokratiyanın yaranmasından öncə azərbaycanlılar torpaqlarımızın zorla zəbti və günahsız həmyerlilərimizin qətli ilə nəticələnmiş kobud erməni millətçiliyi və separatçılığı ilə üzləşib.
İştirakçıların çoxunun Ermənistanın tarixi Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları nəticəsində 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdar olduğunu səsləndirən N.Qurbanova Ermənistanın açıq təcavüzünün Azərbaycan Respublikasının 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ermənilərin yaşamadığı 7 ətraf rayonun işğal edilməsinə və təxminən 1 milyon azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə səbəb olduğunu bildirib. Ermənilərin azərbaycanlılara qarşı geniş miqyaslı hərbi əməliyyatlar həyata keçirməsindən danışan səfir 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə sadəcə Xocalıda 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 nəfər günahsız azərbaycanlı dinc sakinin, ümumilikdə isə 20 mindən çox insanın öldürüldüyünü qeyd edib. Səfir əlavə edib ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi sadəcə təcavüzkar separatizm deyil, xüsusilə 20-ci əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsi ilə davamlı izlədiyi sistematik soyqırımı siyasətinin tərkib hissəsidir.
Azərbaycan xalqına qarşı terrorun tarixinin “Böyük Ermənistan”ın qurulması xülyası naminə törədilən faciələrlə dolu olduğunu ifadə edən N.Qurbanova bu faciələr arasında 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri tərəfindən silahsız azərbaycanlılara qarşı törədilən qanlı soyqırımın xüsusi yer tutduğunu vurğulayıb. Minlərlə azərbaycanlının erməni millətçiləri tərəfindən Bakı, Qarabağ və Azərbaycanın bir çox yerlərində, eləcə də indiki Ermənistanın azərbaycanlı yaşayış məntəqələrində yalnız etnik mənsubiyyətlərinə görə qətlə yetirildikləri mərasim iştirakçılarının diqqətinə çatdırılıb və bu günlərin Azərbaycan tarixinin ən qanlı səhifələrindən olduğu vurğulanıb.
XIX əsrin sonlarında neft sənayesinin sürətli inkişafının Bakını sürətlə inkişaf edən çoxmillətli sənaye şəhərinə çevirdiyini bildirən N.Qurbanova müxtəlif millətlərin, o cümlədən ermənilərin bir çoxunun iş imkanları üçün Bakıya gəldiklərini, rus inqilabı hərəkatlarında fəal iştirak edən fəhlə sinifi ilə yanaşı prosesə cəlb olunduqlarını, lakin əsl həqiqətdə isə inqilabçı ideyaları öz millətçilik gündəmlərini ört-basdır etmək üçün istifadə etdiklərini qeyd edib. Həmin dövrdə daşnakların azərbaycanlılara qarşı təcavüzkar planlarını həyata keçirmək üçün Rusiya imperiyasının dağılmasından sui-istifadə etdiyini bildirən səfir 1917-ci il inqilabından sonra bolşeviklərin lideri Vladimir Leninin etnik erməni Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdiyini bildirib və diqqətə çatdırıb ki, bu əsasda erməni millətçiləri, xüsusilə daşnaklar bolşevizmin bayrağı altında öz niyyətlərini həyata keçirmiş və 1918-ci ilin mart-aprel aylarında əks-inqilabçı elementlərə qarşı müharibə pərdəsi altında minlərlə azərbaycanlını öldürüb. S.Şaumyanın ifadəsinə əsasən bu təcavüzkar qırğında Bakı Sovetinin 6000 silahlı əsgəri ilə yanaşı 4000 silahlı daşnak da iştirak edib.
Müxtəlif hesablamalara görə, 1918-ci ilin 31 mart tarixi və aprel ayının ilk günlərində Bakı şəhərində 12 min ilə 30 min arası azərbaycanlının öldürüldüyünü söyləyən N.Qurbanova erməni millətçiləri tərəfindən Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qırğın və etnik təmizləmələrin aparıldığını vurğulayıb. Daha sonra səfir Azərbaycanlıların qırğınının aktual iştirakçılarından erməni zabiti Ovanes Apresyanın xatirələrində sadəcə Bakıda onlar tərəfindən 25 min azərbaycanlının öldürüldüyünü yazdığını qeyd edib. Səfir davam edib ki, Bakı Sovetinin o dövrdəki sədri S.Şaumyan öz xatirələrində baş vermiş qanlı hadisələrdən məmnuniyyətini gizlətməyərək qırğınların törədilməsi məqsədilə daşnak silahlı qüvvələrindən yardım aldıqlarını etiraf edib.
Daha sonra səfir qeyd olunan qırğınlarda birbaşa iştiraklarını xatırladaraq azərbaycanlı qadın və uşaqların qanlarını tökən daşnaq və acımasız cəlladların liderləri Andranik Ozanyan və Qareqin Njdeyə, müvafiq olaraq, Varna şəhərində abidə və Sofiyada xatirə lövhəsinin ucaldılmasının təəssüf hissi doğurduğunu iştirakçıların diqqətinə çatdırıb.
AXC-nin elan olunmasından sonra, Nazirlər Şurasının 1918-ci ilin 15 iyul tarixində Azərbaycan xalqına qarşı amansızlıqların tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaratmasından danışan N.Qurbanova komissiyanın rus, yəhudi, polyak, gürcü və hətta ermənilər kimi fərqli millətləri təmsil edən hüquqşünaslardan ibarət olduğunu söyləyib. Əlavə olaraq, AXC-nin məsələ ilə bağlı fəaliyyətindən söz açan N.Qurbanova dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurumun yaradıldığını, 1919 və 1920-ci ilin mart ayının 31-nin iki dəfə ümummilli matəm günü kimi qeyd oldunduğunu qonaqların diqqətinə çatdırıb. Bu təşəbbüsün azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət cəhdi olduğunu söyləyən səfir AXC-nin süqutunun həmin prosesin tamamlanmasını qeyri-mümkün etdiyini bildirib.
N.Qurbanova 1991-ci ildə dövlətçiliyin bərpa olunmasından sonra, Azərbaycanın 1918-ci il mart soyqırımının siyasi qiymətləndirilməsinə yenidən diqqət yetirdiyini və AXC-nin ədalət gətirmək naminə yarımçıq qalan missiyasını tamamladığını bildirib. Faciənin 80-ci ildönümü ərəfəsində, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladığını bildirən səfir 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan olunduğunu, 2018-ci ilin 18 yanvar tarixində isə Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladığını qeyd edib.
Anım mərasimi çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ingilis dilində hazırlanmış sənədli film nümayiş olunub. Bolqar dilində alt yazı ilə təqdim olunan filmdə xalqımıza qarşı soyqırımı siyasətinin tarixi aspektləri, 31 Mart soyqırımının təfərrüatları, Quba Soyqırımı Memorial Kompleksi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və aprel döyüşləri haqqında ətraflı məlumat verilib.
Mərasimin sonunda Azərbaycan xalqının adət-ənənələrinə uyğun olaraq soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Tehsil-press.az

Oxşar xəbərlər